Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir

Baxış: 72
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir


Körfəz investorları üçün burada əsas üstünlük məhsulu bir bazara deyil, eyni vaxtda Azərbaycan, Mərkəzi Asiya, Türkiyə, Yaxın Şərq və Avropa bazarlarına çıxarmaq imkanının olmasıdır

Körfəz ölkələrinin Cənubi Qafqaza iqtisadi marağı sürətlə artır. Əvvəllər əsasən turizm və daşınmaz əmlak layihələri ilə məhdudlaşan ərəb kapitalı artıq regionda daha böyük və strateji sahələrə yönəlir. Azərbaycan isə bu prosesdə xüsusi mövqeyə malikdir. Enerji, logistika, sənaye, yaşıl enerji və kənd təsərrüfatı kimi sahələr Bakını Körfəz ölkələri üçün getdikcə daha cəlbedici investisiya məkanına çevirir.
Azərbaycanın üstünlüyü ilk növbədə onun coğrafi mövqeyi ilə bağlıdır. Ölkə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, digər tərəfdən isə Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanına malikdir. Orta Dəhlizin inkişafı bu üstünlüyü daha da artırır. Çin və Mərkəzi Asiyanı Xəzər, Azərbaycan və Cənubi Qafqaz üzərindən Avropaya bağlayan marşrutun əhəmiyyətinin yüksəlməsi Bakını təkcə tranzit ölkə deyil, həm də yeni istehsal və logistika zəncirlərinin mühüm halqasına çevirir. Bərpa olunan enerji sektorunda Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətinin iştirakı xüsusilə diqqət çəkir. QaradağGünəş Elektrik Stansiyasının 230 meqavat gücündə fəaliyyətə başlamasından sonra əməkdaşlıq daha geniş layihələrə keçib. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti də Azərbaycanda külək enerjisi layihələrində iştirak edir.
Bu əməkdaşlığın əhəmiyyəti yalnız yeni elektrik stansiyalarının tikintisi ilə məhdudlaşmır. Körfəz ölkələri üçün Azərbaycan həm yeni enerji layihələrinə investisiya qoymaq, həm də Avrasiya nəqliyyat marşrutları üzərində uzunmüddətli iqtisadi mövcudluq yaratmaq baxımından əhəmiyyətli platformaya çevrilir.
Növbəti mərhələdə sənaye və logistika layihələrinin də ön plana çıxması mümkündür. Körfəz investorları üçün burada əsas üstünlük məhsulu bir bazara deyil, eyni vaxtda Azərbaycan, Mərkəzi Asiya, Türkiyə, Yaxın Şərq və Avropa bazarlarına çıxarmaq imkanının olmasıdır.
Digər perspektivli istiqamət isə kənd təsərrüfatıdır. Körfəz ölkələrinin su və əkinə yararlı torpaq ehtiyatlarının məhdudluğu onların ərzaq təhlükəsizliyini xarici mənbələrdən asılı edir. Azərbaycan isə kənd təsərrüfatı, su ehtiyatları və müxtəlif iqlim zonaları baxımından daha əlverişli imkanlara malikdir. Bu səbəbdən gələcəkdə Körfəz kapitalının Azərbaycan kənd təsərrüfatına, xüsusilə emal, soyuducu anbarlar, logistika, qablaşdırma və ixrac yönümlü aqroklasterlərə yönəlməsi mümkündür.
Beləliklə, Azərbaycana daxil olan ərəb kapitalının xarakteri də dəyişə bilər. Söhbət artıq yalnız hotel, restoran və yaşayış komplekslərinə sərmayədən getmir. Enerji, logistika, sənaye və aqrar sektor kimi strateji istiqamətlərdə uzunmüddətli investisiyalar Azərbaycanın regional iqtisadi çəkisini daha da artıra bilər.

Körfəz ölkələri Azərbaycana sadəcə investisiya bazarı kimi baxır, yoxsa Bakını Avrasiya iqtisadiyyatında uzunmüddətli tərəfdaş və strateji qovşaq kimi görür?Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, mövcud tendensiyalar Körfəz ölkələrinin Azərbaycana artıq təkcə investisiya qoyulan bazar kimi deyil, Avrasiya iqtisadi məkanında uzunmüddətli strateji tərəfdaş və regional qovşaq kimi yanaşmağa başladığını göstərir. Bunun arxasında həm geoiqtisadi, həm də geosiyasi amillər dayanır: “İlk növbədə, Azərbaycanın tranzit mövqeyi Körfəz ölkələri üçün xüsusi əhəmiyyət daşıyır. Son illərdə Qırmızı dənizdə təhlükəsizlik risklərinin artması, qlobal ticarət marşrutlarının şaxələndirilməsi və Orta Dəhlizə marağın yüksəlməsi Azərbaycanı Avropa ilə Asiya arasında etibarlı logistika mərkəzlərindən birinə çevirib. Körfəz ölkələri bu prosesdə iştirak etməklə yalnız Azərbaycana deyil, Mərkəzi Asiya və Avropa bazarlarına çıxış imkanlarını da genişləndirirlər. İkinci mühüm amil iqtisadi diversifikasiya strategiyasıdır. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr neftdən asılılığı azaltmaq üçün xaricdə uzunmüddətli gəlir gətirəcək aktivlərə sərmayə yatırırlar. Azərbaycan isə siyasi sabitlik, inkişaf edən infrastruktur, enerji resursları və əlverişli coğrafi mövqeyi ilə bu strategiyaya uyğun gələn ölkələrdən biridir. Yaşıl enerji sahəsində əməkdaşlıq da bunu təsdiqləyir. Masdar və ACWA Power kimi şirkətlərin fəaliyyəti yalnız elektrik stansiyalarının tikintisi ilə məhdudlaşmır. Bu layihələr gələcəkdə yaşıl hidrogen, enerji ixracı, elektrik ötürücü xətlər və karbon emissiyalarının azaldılması kimi istiqamətlərdə daha geniş tərəfdaşlığın əsasını yaradır. Bununla yanaşı, logistika və sənaye zonaları Körfəz investorları üçün getdikcə daha cəlbedici olur. Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz üzərində formalaşan yeni yük axınları Azərbaycanı regional istehsal və paylama mərkəzinə çevirə bilər. Bu, Körfəz kapitalının yalnız maliyyə investoru kimi deyil, sənaye və logistika zəncirlərinin iştirakçısı kimi çıxış etməsinə imkan yaradır”.
Deputat qeyd edib ki, ərzaq təhlükəsizliyi də strateji əməkdaşlığın vacib istiqamətlərindəndir. Körfəz ölkələrinin məhdud su və əkin sahələri onları xaricdə kənd təsərrüfatı layihələrinə sərmayə qoymağa sövq edir: “Azərbaycanın aqrar potensialı, müxtəlif iqlim zonaları və ixrac imkanları bu baxımdan böyük üstünlükdür. Gələcəkdə aqroparklar, emal müəssisələri, soyuducu logistika və ixracyönümlü kənd təsərrüfatı layihələrinə investisiyaların artması real görünür”.
A.Hüseynov həmçinin deyib ki, Körfəz ölkələrinin yanaşması yalnız iqtisadi deyil. Onlar Cənubi Qafqazda siyasi və iqtisadi nüfuzlarını genişləndirməyə, Asiya ilə Avropa arasında formalaşan yeni ticarət marşrutlarında möhkəm mövqe tutmağa çalışırlar: “Azərbaycan isə balanslaşdırılmış xarici siyasəti, regional nəqliyyat layihələrində aparıcı rolu və geniş beynəlxalq tərəfdaş şəbəkəsi sayəsində bu strategiyada etibarlı tərəfdaş kimi qəbul edilir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.