
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi qəbul edilməsi təklifinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, Zorlu Anadolu Agentliyinə açıqlamasında Rusiyanın təşkilata müşahidəçi üzv kimi qoşulması qarşısında hüquqi maneənin olduğunu bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə İstanbulda keçirilən zirvədə qəbul edilmiş nizamnaməyə əsasən, TDT-də müşahidəçi statusu almaq istəyən dövlətlər türk dillərindən və ya onlara qohum dillərdən birini ölkənin bütün ərazisində dövlət dili, yaxud rəsmi dil kimi qəbul etməlidirlər.
Zorlu vurğulayıb ki, bu tələb yalnız ölkənin müəyyən bölgəsində deyil, bütün ərazisində rəsmi yazışmaların həmin dildə aparılmasını nəzərdə tutur. Rusiya isə mövcud şərtlərə cavab vermir.
AK Parti rəsmisi Rusiyada milyonlarla türk mənşəli insanın yaşadığını, xüsusilə Tatarıstan, Başqırdıstan və Yakutiya ilə dərin tarixi və mədəni əlaqələrin mövcud olduğunu bildirib.
Zorlu xatırladıb ki, 1993-cü ildə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) Rusiyanın Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakutiya və Tatarıstan respublikaları müşahidəçi statusuna malikdir.
Lakin onun sözlərinə görə, Rusiya Federasiyasının 2015-ci ildə qəbul etdiyi qərarla həmin respublikaların TÜRKSOY çərçivəsində əməkdaşlığı faktiki olaraq dondurulub. O vaxtdan bəri tərəflər arasında birgə toplantılar və tədbirlər keçirilməyib.
Kürşad Zorlu Moskvanı bu qərara yenidən baxmağa çağırıb və TÜRKSOY çərçivəsində mədəni əməkdaşlığın bərpa olunmasını təklif edib.
O, eyni zamanda Rusiyanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı üçün alternativ mexanizmin mövcudluğunu açıqlayıb.
Zorlunun sözlərinə görə, ötən il qəbul edilmiş "TDT+" modeli təşkilata üzv olmayan dövlətlərlə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurmağa imkan verir. Bu mexanizm çərçivəsində üçüncü ölkələrlə xarici işlər nazirləri və ya dövlət başçıları səviyyəsində görüşlər keçirilə bilər.
Belə əməkdaşlıq üçün TDT-yə üzv bütün dövlətlərin razılığı tələb olunur.
Zorlu Rusiyadan müvafiq müraciət daxil olacağı təqdirdə məsələnin təşkilatın strateji hədəfləri və Türk dünyasının ortaq maraqları nəzərə alınmaqla qiymətləndiriləcəyini bildirib.
Kürşad Zorlu Rusiya ilə "TDT+" formatında əməkdaşlıq imkanını da istisna etməyib. O bildirib ki, bu format çərçivəsində əməkdaşlıq mümkündür və prosesə dondurulmuş mədəni əlaqələrin bərpasından başlamaq olar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısında Rusiyanın təşkilatla əməkdaşlığı məsələsini gündəmə gətirib. Kremlin sözçüsü Dmitri Peskov da bu təşəbbüsə müsbət münasibət bildirib.
Zirvə toplantısında 163 maddədən ibarət Ankara Bəyannaməsi qəbul edilib və Türk Dövlətləri Təşkilatına dövri sədrliyi Türkiyə təhvil alıb.







































