Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

08.08.08 savaşından 18 il ötür – rus-gürcü müharibəsinin dərdləri və dərsləri

Baxış: 72
08.08.08 savaşından 18 il ötür – rus-gürcü müharibəsinin dərdləri və dərsləri


Bu gün sonuncu Rusiya-Gürcüstan müharibəsinin başlanmasından 18 il keçir.

8 avqust 2008-ci ildə başlayan bu savaş tarixdə "Beşgünlük müharibə", "Avqust müharibəsi", bir də eyni rəqəmlərin təkrarlanması ilə əlamətdar olduğu üçün “08.08.08 müharibəsi” adıyla qalıb.

Əslində bu silahlı konflikt əz ərazi bütövlüyünü bərpa etməyə çalışan Gürcüstanla özünü müstəqil elan etmiş Cənubi Osetiya və Abxaziya “respublika”ları arasında başlanmışdı, saatlar sonra onların himayədarı Rusiya münaqişəyə müdaxilə etdi.

Həmin vaxt Gürcüstana demokratik yolla, xalqın səsi ilə seçilmiş Mixail Saakaşvili rəhbərlik edirdi. O, öz islahatlarıyla, korrupsiya və rüşvətxorluğa, əyinti-pozuntulara qarşı sərt mübarizəsi ilə ölkəsində və regionda böyük nüfuz qazanmışdı. ABŞ və Avropadan da ciddi siyasi dəstək alan Saakaşvili Gürcüstanın 15 ildən bəri qanayan yarası üzərində cərrahi əməliyyat aparmaq, onu sağaltmaq istəyirdi.

Bu məqsədlə onun əmri əsasında Gürcüstanın hərbi qüvvələri 8 avqust 2008-ci il gecəsi Cənubi Osetiya üzərinə genişmiqyaslı hücuma keçdi və bölgənin paytaxtı Sxinvalinin atəşə tutmağa başladı.

Buna qədər onsuz da Qərbə meyllənmiş Gürcüstanın yeni rəhbərliyindən son dərəcə narazı olan, Saakaşvilini cəzalandırmaq, Gürcüstanı qapaz altında saxlamaq istəyən Rusiya və onun faktiki lideri Vladimir Putin (həmin vaxt prezident vəzifəsini Dmitri Medvedyev tuturdu) əlverişli səbəb-bəhanə əldə etdi və federasiyanın 58-ci ordusunun bölmələrini Gürcüstan üzərinə yeritdi.

Rusiya bu əməliyyata "sülhün təmin edilməsi" adı qoydu.

Çində Pekin olimpiadasının başlandığı gün qızışan hərbi əməliyyatlar Rusiya qoşunlarının və Osetiya hərbi birləşmələrinin gürcü hərbçilərini tezliklə Cənubi Osetiyadan çıxarması ilə nəticələndi. Amma savaş bununla bitmədi. Bundan sonra döyüşlər Abxaziyaya və Gürcüstanın digər bölgələrinə yayıldı və rus tankları paytaxt Tiflisin 60 kilometrliyinə qədər irəlilədi. Deyəsən, Putinin fikri Tiflisi götürmək, onunla dirəşən Saakaşvilini devirmək idi.

Ancaq avqustun 12-də Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyev əməliyyatın başa çatdığını elan etdi. Bundan əvvəl bir sıra Avropa ölkələrinin rəhbərləri, xüsusilə də Fransa prezidenti Nikola Sarkozi Putindən Gürcüstana qarşı savaşı dayandırmağı xahiş etmişdilər. ABŞ və bəzi Avropa ölkələri isə daha sərt mövqe sərgiləmiş, Putindən qoşunları Gürcüstanın ərazisindən çıxarmağı tələb etmişdilər.

Hər halda Sarkozinin vasitəçiliyi sayəsində hərbi əməliyyat dayandırıldı və tərəflər sülh planı (Medvedyev-Sarkozi sazişi) barədə razılığa gəldilər.

Beləliklə, beş gün davam edən silahlı münaqişə Gürcüstanın hərbi məğlubiyyəti ilə başa çatdı. Onun əsas nəticələri hər iki tərəfdən yüzlərlə mülki şəxsin və hərbi qulluqçunun həlak olması, on minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi oldu.

Bu məğlubiyyət Saakaşvilinin reputasiyasına ciddi zərbə vurdu. Ona qədər o ölkəsini sürətlə inkişaf etdirməkdə idi. Müharibə o tərəqqini tormozladı. Saakaşvili anladı ki, qonşuluğunda bu qədər bədheybət irticaçı varkən ölkəsinin ərazi bütövlüyünü bərpa edə bilməyəcək və Gürcüstan əzaları amputasiya olunmuş vəziyyətdə qalacaq.

Müharibə Gürcüstan prezidentinin beynəlxalq nüfuzuna da mənfi təsir göstərdi. ABŞ və Avropada anladılar ki, etimad göstərdikləri şəxs emosional biridir, populizmə və avantüraya meyllidir.

Əslində o, xalqı, dövləti üçün yaxşı bir iş görməyə çalışırdı, fəqət nə öz gücünü, nə də üstünə yeridiyi “respublika”ların hamisinin gücünü hesablamışdı. Ona görə də “beşgünlük savaş”ın artıq ikinci günündə Saakaşvili stressdən qırmızı qalstukunu çeynəyəcək duruma düşmüşdü.

Bu hərbi kampaniyanın daha bir nəticəsi o oldu ki, 2008-ci ilin avqust ayının sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın (daha sonra bir neçə başqa ölkənin) “müstəqilliyini” rəsmi olaraq tanıdı. Əslində bu, simvolik məna daşıyırdı, çünki Rusiyadan başqa heç bir dövlət adı çəkilən bölgələri dövlət kimi tanımadı. Abxaziya və Cənubi Osetiya isə faktiki olaraq Rusiyanın federal subyektlərindən birinə çevrildilər.

Gürcüstan onsuz da 15 il öncə hər iki “respublika”nın ərazisi üzərində nəzarəti itirmişdi, “08.08.08 müharibəsi”ndən sonra isə bu ərazilər üzərində yurisdiksiyasını bərpa etmək ümidini də itirdi.

Rusiya iki kiçik bölgəni faktiki ilhaq etməklə Gürcüstanı itirdi. Gürcü xalqı Rusiyaya düşmən kəsildi. Üstündən 18 il keçməsinə baxmayaraq, gürcülərin əksəriyyətinin Rusiyaya münasibəti hələ də mənfi səciyyəlidir.

Düzdür, Rusiyanın adamı olduğu deyilən Bidzina İvanişvilinin 2012-ci ildə Gürcüstanda hakimiyyətə gəlməsindən sonra iki dövlət arasındakı gərginlik yumşalma tendensiyası götürüb, ancaq müharibədən əvvəlki büsat (intensiv gediş-gəliş, ticarət əlaqələri, diplomatik münasibətlər) bərpa olunmayıb. Bu müddət ərzində artıq Gürcüstan Qərb dünyasından xeyli dərəcədə qopub, hətta Gürcüstan hakimiyyəti Qərbdə sevilməz iqtidar komandasına çevrilib, amma İvanişvili rejimi Rusiya ilə məsafə saxlayır, xalqın Moskvaya nifrətini nəzərə alır.

Hazırda Rusiya-Gürcüstan müharibəsinin səbəbləri və günahkarları üstündə qızğın müzakirələr davam edir. Gürcüstanda çoxları bu hadisələri Rusiyanın təcavüzü və ölkə ərazisinin işğalı sayır. Rusiya isə öz hərəkətlərini bölgədə yerləşən Rusiya vətəndaşlarını və Rusiya sülhməramlılarını qorumaq zərurəti ilə əsaslandırır.

“08.08.08 müharibəsi”nin bizim üçün əhəmiyyəti o oldu ki, 2020-ci ilin sentyabrında ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə əks-hücuma keçərkən Saakaşvilinin səhvlərini təkrar etmədik, tarixi fürsəti lazımınca qiymətləndirdik. musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.