
Ermənistanın baş naziri və ailə üzvlərinin dəbdəbəli həyatının xərcləri dövlət büdcəsinin hesabına ödənilir – gözəllik salonu, manikür, pedikür, ərzaq və məişət ehtiyacları da dövlətin üzərinə düşür
Ermənistanda əhalinin ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyi, qiymət artımı və yoxsulluğun gündəlik həyatın bir hissəsinə çevrildiyi bir vaxtda hakimiyyətin yüksək vəzifəli nümayəndələrinin dövlət hesabına dəbdəbəli həyat sürdüyü üzə çıxıb. Baş nazir Nikol Paşinyan və ailəsinin gündəlik məişət ehtiyaclarından tutmuş gözəllik salonu xidmətlərinədək bir sıra xərclərinin dövlət büdcəsi hesabına qarşılandığı bildirilir.
Musavat.com xəbər verir ki, Ermənistan mətbuatında dərc olunan araşdırmada hökumət rəhbərliyinin yaşadığı dövlət bağlarının saxlanılmasına ayrılan vəsaitlər, eləcə də bu ərazidə məskunlaşan yüksək vəzifəli şəxslərin ailələrinin təminatı ilə bağlı diqqətçəkən faktlar açıqlanıb.Məlumata görə, 2026-cı ilin dövlət büdcəsində Ermənistanın “Hökumət malikanələri təsərrüfatı” Dövlət Qeyri-Kommersiya Təşkilatının (DQKT) maliyyələşdirilməsi üçün 621 milyon 340 min 100 dram nəzərdə tutulub. Bu vəsait 2023-cü ildəki təxminən 542 milyon dramla müqayisədə xeyli çoxdur. 2024-cü ildə isə həmin qurumun büdcəsi 603 milyon drama çatıb. 2026-cı il üçün ayrılan vəsait 2025-ci ilin göstəricisini də 18 milyon dram üstələyir.Jurnalistlərin hesablamalarına əsasən, hökumət bağlarının sakinlərinin saxlanılması vergiödəyicilərə gündəlik 1,7 milyon dramdan artıq vəsaitə başa gəlir. Bu isə təxminən 5 min dollar deməkdir.
Araşdırmada bildirilir ki, İrəvanın Kond rayonunda yerləşən qapalı ərazidə cəmi dörd yüksək vəzifəli şəxs ailələri ilə birlikdə yaşayır. Bunlar baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, parlament sədrinin müavini Ruben Rubinyan və müdafiə naziri Suren Papikyandır.
Dövlət büdcəsindən ayrılan pullar malikanələrin və ətraf ərazinin saxlanılmasına, kommunal xidmətlərə, mühafizəyə və texniki təminata xərclənir. Lakin jurnalist araşdırması göstərir ki, dövlətin üzərinə götürdüyü məsuliyyətlər bununla bitmir. Ermənistanın “Hraparak” nəşrinin əvvəlki araşdırmalarında Paşinyan ailəsinin qadın üzvlərinin İrəvanda konkret bir gözəllik salonunun xidmətlərindən mütəmadi istifadə etdiyi, ödənişlərin isə hökumət bağlarına xidmət göstərən DQKT vasitəsilə həyata keçirildiyi bildirilmişdi. Sonradan jurnalistlərin sorğusuna cavab olaraq Ermənistan hökumət aparatı bu praktikanın mövcudluğunu yazılı şəkildə təsdiqləyib.Rəsmi izahda göstərilir ki, ayın sonunda baş nazir şəxsi əməkhaqqından müəyyən məbləği DQKT-nin hesabına köçürür, gözəllik salonuna ödəniş isə həmin dövlət qurumunun hesabından nağdsız qaydada həyata keçirilir. Bu mexanizm ciddi suallar doğurur. Axı baş nazirə və digər yüksək vəzifəli şəxslərə dövlət tərəfindən əməkhaqqı məhz şəxsi ehtiyaclarını öz vəsaitləri hesabına qarşılamaq üçün ödənilir. Şəxsi xərclərin dövlət qurumunun hesabından keçirilməsi isə vəsaitlərin təyinatı və maliyyə şəffaflığı baxımından mübahisələr yaradır.
“Hraparak” jurnalistləri Paşinyan ailəsinin xidmət aldığı gözəllik salonu ilə əlaqə saxlayaraq qiymətləri də araşdırıblar. Məlum olub ki, söhbət İrəvanın bahalı salonlarından birindən gedir.Salonun qiymət cədvəlinə əsasən, gel-lakla adi manikürün qiyməti minimum 13 min dramdır. KART peşəkar qulluq vasitələrindən istifadə etməklə pedikür isə 20 min dramdan başlayır.Maraqlıdır ki, yüksək vəzifəli müştərilər salonun xüsusi VIP kabinetində qəbul edilirlər. Oraya adi qaydada daxil olmaq mümkün deyil, ən azı iki gün əvvəl telefonla əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır.
Araşdırma müəlliflərinin hesablamalarına görə, Paşinyanın həyat yoldaşı və üç qızı ay ərzində orta hesabla iki-üç dəfə belə xidmətlərdən yararlanırlar. Təxmini hesablamalar göstərir ki, təkcə ailənin qadın üzvlərinin manikür və pedikür xərcləri ayda 1000 dollar civarındadır.Üstəlik, məsələ yalnız gözəllik salonu ilə məhdudlaşmır. Mətbuatda yayılan məlumatlara görə, hökumət bağlarına xidmət göstərən qurum həmin ailələrin ərzaq, tualet kağızı və digər gündəlik məişət ehtiyaclarının təminatında da iştirak edir.






































