
KDR (Kongo Demokratik Respublikası) silahlı qüvvələri ölkənin şərqində yerləşən Şimali Kivu əyalətində mülki əhaliyə qarşı növbəti dəhşətli qətliamın törədildiyini bildirib.
"RFI" radiostansiyasının Konqo ordusuna istinadən yaydığı məlumata görə, İŞİD terror təşkilatı ilə sıx əlaqələri olan "Müttəfiq Demokratik Qüvvələr" (ADF) qruplaşmasının yaraqlıları Kantine-Aloya kəndinə qəfil hücum ediblər. Terrorçular dinc sakinləri qəddarlıqla qətlə yetirib, evləri və ticarət obyektlərini qarət edərək od vurublar. Qətliam nəticəsində azı 37 nəfər həyatını itirib.
Hərbi mənbələr kəndə və ətraf ərazilərə əlavə ordu bölmələrinin yerləşdirildiyini və terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı təmizləmə əməliyyatına başlanıldığını bəyan ediblər.
Bölgədə uzun illərdir fəaliyyət gösterən ADF qruplaşması mütəmadi olaraq kəndlərə hücum edərək dinc əhalini hədəf alır. Konqo və Uqanda silahlı qüvvələri regionda artıq bir neçə ildir ki, terrorçulara qarşı birgə hərbi əməliyyatlar həyata keçirsə də, yaraqlıların meşəlik ərazilərdə gizlənərək ani hücumlar təşkil etməsinin qarşısını almaq çətinlik törədir.






































