Day, Month 00, Year
00: 00: 00 AM
Xaricdə işləyən azərbaycanlı həkim: “Almaniyada xəstənin həkimə əng vurmağa ehtiyacı yoxdur” – MÜSAHİBƏ+FOTO

“Sistem elə olmalıdır ki, həkim pulu fikirləşməməli, tibb sahəsində hansı yeniliklər varsa, onların hamısını xəstəyə tətbiq etməlidir”
Şəlalə Qasımova 20 ildir ki, həkim olaraq çalışır. Son 2 ildə Almaniyada fəaliyyət göstərir. Almaniyada həkim işləməyin daha rahat olduğunu deyir. Səbəb olaraq gördüyü faktorlar çoxdur. Onlardan əsas olanı həkimin xəstəyə lazım olan bütün xidməti göstərmə imkanının olmasıdır. Müsahibimiz Şəlalə Qasımova hazırda Almaniyanın Münxen şəhərində yerləşən "Inn Klinika, Mühldorf a. Inn”də çalışır.
Həmyerlimiz SAHIBKARTV.aza müsahibəsində maraqlı məqamlara aydınlıq gətirib.
- Atanız sizin həkim olmağınızı istəyirmiş. Tibbi atanızın istəyi, ya yönəltməsi ilə seçmisiniz?
- Hər gün daha çox əmin oluram ki, bu dünyaya həkim olmaq üçün gəlmişəm. Həkim olmaq deyəndə, təkcə tibb təhsili almağı nəzərdə tutmuram. İnsanları sevməli, xəstələri doğman kimi görməli, əzizlərin kimi qayğıkeş yanaşmalısan. Çünki sən xəstə ilə bir yerdə xəstəliyə qarşı mübarizə aparırsan. Bunları etmək üçün tibb təhsili kifayət deyil. Xəstə xəstəliyi ilə mübarizədə həkimi öz yanında, yaxınında hiss etməlidir. Düşünürəm ki, bu, məndə çox gözəl alınır. Hərdən mənə deyirlər ki, niyə uşaqların həkim olmadı? Ancaq həkimlik yönəltmə ilə olmur. Bu işi sevərək seçmək vacibdir. Bilməlisən ki, gecə-gündüz xəstələrin qulluğunda olmalı, daim onların telefon zənglərinə, mesajlarına cavab verməli və bundan bezməməlisən. Çünki söhbət insan həyatından, sağlamlığından gedir. Bunlar mənə xas xüsusiyyətlər idi. Amma həkim olmağa məni istiqamətləndirən atam oldu. Birinci sinifdə oxuyurdum, bir gün atam işdən gələrkən Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru İbrahim Topçubaşovun cərrahiyə ilə bağlı 3 qalın kitabını alıb gətirmişdi. Anam dedi ki, bu kitabları neynirsən? Dedi ki, Şəlalə həkimlik oxuyacaq, ona lazım olacaq. O arzu mənim beynimdə alt şüurda gizlənmişdi, atam onu aşkara çıxarmaqda mənə köməklik etdi. Yəni məni yönləndirdi. Həqiqətən də, o kitablar universitetdə oxuyanda, mənə çox kömək oldu.
- Bəlkə də, atanız sizdə həkimliyə hansısa marağı, meyli hiss edib.
- Birinci sinifdə oxuyanda, məni məktəbdə birinci siniflər üzrə tibb işçisi nümayəndəsi seçmişdilər. O vaxt məktəblərdə belə bir bölgü olurdu. Bu şagird sinifdə kimdəsə kiçik yaralanmalar olsa, ona ilk yardım etməli idi. Anam da mənə ilkin yardım üçün tibb çantası hazırlamışdı. Göstərdiyim ilk yardım paralel sinifdə oxuyan oğlan idi. Oğlan yıxılıb alnı sıyrılmışdı. Həvəslə onun yarasının ətrafını yodla, pambıqla təmizlədim, bint qoydum, sarıdım. Yardım etdiyim üçün özümü çox xoşbəxt hiss edirdim. 20 ildən çoxdur ki, həkimlik fəaliyyəti ilə məşğulam. Amma göstərdiyim o ilk yardımı heç vaxt unutmaram. Yəqin ki atam da bunları hiss etdiyi üçün o kitabları almışdı...
- Uşaq vaxtı həkim olmağı arzulayanların çoxu yuxarı siniflərə getdikcə fikir dəyişikliyi edirlər. Bəziləri lazım olan balı yığmayacağını düşünərək, bəziləri işin məsuliyyətini dərk edərək.
- Birinci sinifdə o kitablar evə girəndən məqsədim həkim olmaq idi. Hər gün ona doğru gedirdim. Yaxşı oxuyurdum, əlaçı olurdum, şəklim həmişə şərəf lövhəsində olurdu. Orta təhsilimi 1985-94-cü illərdə almışam. Çox çətin zamanlar idi. Hətta həmişə əlaçı olduğum üçün 1992-ci ildə mənə məktəb üzrə yalnız bir nəfərə verilən Nizami Gəncəvi adına təqaüd ayırmışdılar. Təqaüdün məbləği o vaxtın pulu ilə 500 manat (Bir Nizami) idi. O qədər böyük məbləğ deyildi, amma mən onu özümə götürmürdüm. Qarabağ müharibəsində şəhid olanların ailələrinə dəstək fonduna keçirirdim. Sözü ona gətirirəm ki, həkimliyə doğru gedirdim. Uşaq gücümlə mümkün olan yardımı etməyə çalışırdım. Təbii ki böyüdükcə çətinliyini, məsuliyyətini daha çox dərk edirdim, amma başqa ixtisas seçmək haqqında düşünmürdüm. Yüksək balla müalicə işinə ödənişsiz əsaslarla qəbul oldum.
- Universiteti bitirəndən sonra ilk işiniz hansı oldu?
- Universiteti bitəndən sonrakı ilk bir ili təcili tibbi yardımda işlədim. Təcili yardım elədir ki, sən xəstəni ən ağır halında görürsən. Burda xəstəyə ilkin ixtisaslı tibbi yardım göstərilməlidir. Təcili tibbi yardım həkiminin gördüyü iki əsas iş var, xəstənin tənəffüsünü bərpa etmək və ürək-damarın ritmini normallaşdırmaq. Ancaq mənim üçün həm mənəvi, psixoloji, həm də iş cəhətdən böyük təcrübə oldu.
- 20 ildir artıq həkim kimi çalışırsınız. Son 2 ildir ki, Almaniyadasınız. 18 il sonra getməyinizin səbəbi nə oldu?
- Azərbaycanda 2001-ci ildən həkimlik fəaliyyətinə başlamışam. Bu dövrlər ərzində bir il Türkiyədə Antalyada universitet xəstəxanasında işləmişəm. Təkmilləşmə kursu kimi idi. Bundan başqa bir neçə dəfə bir və ya bir neçə aylıq təkmilləşmə kursları üçün ölkə xaricinə getmişəm. Son iki ildir ki, Almaniyadayam. Avropa tibbini daha çox kitabdan, internetdən öyrənmişdim. Amma düşündüm ki, burda çalışaraq özümü bir az da təkmilləşdirə bilərəm. Ona görə gəldim.
- Müəyyən müddət sonra qayıtmaq fikriniz var?
- Almaniyada mütəxəssis həkim olana qədər qalacam. Mütəxəssis həkim olmaq üçün bir imtahandan keçmişəm, növbəti imtahana hazırlaşıram. Bunun üçün də bəlli bir müddətdə Almaniya klinikalarında çalışmalıyam. Hazırda mən təhsil proqramındayam, onu bitirib həkim-mütəxəssis adı almalıyam.
- 18 illik təcrübəli həkim kimi Almaniyada sizin üçün yeni olan hansı təcrübə ilə qarşılaşdınız?
- Təcrübə üçün Almaniyaya gəlib-getmişdim, bir çox şeylə bağlı məlumatım var idi. İş cəhətdən danışsaq, buranın səhiyyə, tibb, sığorta sisteminin strukturuna valeh oldum. Azərbaycanda da adlı-sanlı klinikada işləmişəm, bir şöbənin rəhbərliyində olmuşam. Amma burdakı struktur, nizam-intizam, qayda-qanun, heç kimin heç kimdən asılı olmaması çox xoşuma gəldi. Heç kim heç kimə göstəriş vermir, sistem gözəl qurulub, hər kəs öz işini, vəzifəsini bilir. Həkim sadəcə, xəstənin xəstəliyi ilə maraqlanır. Düzdür, Azərbaycanda da sığorta sistemi tətbiq olunmağa başlayıb, amma bu cür deyil. Bu sığorta sistemindən Almaniyada həkimlər də, xəstələr də razıdır. Azərbaycanda belə sistem qurulsa, hər iki tərəf üçün çox yaxşı olar.
- Qeyd etdiniz ki, daim xəstələrin zənglərinə, mesajlarına cavab vermək önəmlidir. Azərbaycanda həkimin nömrəsi çox hallarda pasientdə olur, amma Almaniyada bu sistem yoxdur. Burda o sistemlə işləmisiniz, indi Almaniyada buna ehtiyac hiss edirsiniz?
- Azərbaycan və Almaniyada səhiyyənin strukturu tamam fərqlidir. Azərbaycanda nömrəm bütün xəstələrimdə var idi. Mən onlara təcili məqam olanda, istədikləri vaxt zəng vura biləcəklərini deyirdim. Gecə 3-də də zəng vururdular, 5-də də. Bəzən yorğun olub zəngə oyanmayanda, yoldaşım tez oyadırdı ki, cavab ver, bəlkə kiməsə nəsə olub. Daha çox zəng vuranlar regionlarda yaşayanlar olur. O adamlar bilirlər ki, gecə vaxtı halı pisləşəndə, ona yaxın yerdə lazım olan yardımı göstərəcək inandığı tibb məntəqəsi, yaxud həkim yoxdur. Güvəndiyi həkimə zəng vurur, ondan yardım istəyir. Əmindir ki, onun xəstəliyini, dərdini bu an ancaq bu həkim biləcək. Almaniyada ən ucqar kənddə belə çox müasir tibbi avadanlıqlarla təmin olunmuş xəstəxanalar var. Məsələ tək avadanlıqlarda da deyil, həm də ixtisaslaşmış həkim, tibbi personal var. Almaniyada pasient həkimə zəng vurmur, çünki buna ehtiyacı yoxdur. Xəstənin xəstəlik tarixçəsi elektron sistemdə var. Acil vəziyyətdə hansı xəstəxanaya müraciət etsə, onu qəbul edən həkim çətinlik çəkmir. Xəstənin bütün xəstəlikləri, aldığı müalicələr qarşısında olur. O həkim xəstənin öz həkimindən nə savad, nə də digər məsələlərdə geri qalmır. Ona görə Almaniyada xəstənin həkimə zəng vurmağa ehtiyacı yoxdur.
- Həyat yoldaşınızın gecə sizi oyatmasını vurğuladınız. Tibb işçisinin həyat yoldaşı olan şəxs də həkim qədər xəstələr üçün narahatlıq keçirir.
- Yaxşı həkim kimi formalaşmağımda həyat yoldaşımın böyük rolu olub. Mən bir il Türkiyədə qalıb işlədim. Həyat yoldaşım, uşaqlarım Azərbaycanda idi. Almaniyaya bir dəfə 2 aylıq, bir dəfə 3 aylıq gəldim, onda da ailəm Azərbaycanda idi. Mən həmişə ağır xəstələrlə işləmişəm. Xəstəni tam stabilləşdirməmiş evə gedə bilmirdim. Bəzən evə çox gec gəlirdim. Elə olub ki, 2 gün ard-arda xəstəxanada qalmışam. Bunu həyat yoldaşım həmişə başa düşüb. Yoldaşım nəinki mane olmayıb, həmişə deyir ki, həkimsən, üzərində işlə, özünü inkişaf etdir.
- Azərbaycanda klinikada reanimasiya şöbəsində çalışmısınız. Klinikada ağır şöbələrdəndir. Yəqin ki gərginlik olur. Bu gərginlik evə gedəndə də davam edirdimi?
- Reanimasiyada ən ağır xəstələr yatırlar. Ən ağır xəstəliklərlə mübarizə aparanlar, ölümlə həyat arasında qalan xəstələrlə işləyirdim. Uzun müddət tənəffüs aparatında olan, komada qalan, cihazlara bağlı olan xəstələrdən söhbət gedir. Həyata qayıtmasında mənim rolum olan çox xəstəm olub. İndiyə qədər də sağalan həmin xəstələr, yaxınları özəl günlərdə zəng vururlar, təbrik edirlər. Uşaq xəstələrim də olub, onlar böyüdükcə valideynləri şəkillərini göndərirlər, uşağı həyatda qaldığı üçün mənə təşəkkür edirlər. Bu, həkim üçün çox böyük xoşbəxtlikdir. Ancaq reanimasiyada işləyəndə, gərginlik olurdu. Evə gedirdim, amma xəstəni düşünürdüm. Görəsən, necə oldu? Azərbaycanda xüsusilə narahatlıq olur. Çünki struktur başqadır. Xəstənin tək sağlamlıq deyil, həm də maddi problemini düşünməli olursan. Azərbaycanda uzun müddət reanimasiyada yatan xəstəyə maddi dəstək olmalıdır. Almaniyada xəstə nə qədər yatsa da, ailə maddi sıxıntı çəkmir, bunu sığorta qarşılayır. Azərbaycanda isə xəstələr, yaxınları qarşılayırlar. Bu, həm xəstə yaxınları, həm də həkimlər üçün asan deyil. Reanimasiya elədir ki, həkim iş cəhətdən daha çox təkmilləşir, peşəkarlaşır. Ancaq psixi gərginlik həmişə olur.
- Azərbaycanda xəstə yaxınlarını ən çox narahat edən məqam elə maliyyədir. Bu, həkim olaraq sizi də narahat edirdi?
- Azərbaycanda həmişə özəl xəstəxanada çalışmışam. Özəl klinikada xəstə klinikaya daxil olmaq üçün pul ödəyir. Xəstəyə yeni cihazların tətbiqi, yeni laborator analizləri edilməsi, dərmanların alınması çox baha başa gəlir. Xəstə yaxınları ödəyirlər, düşünürlər ki, bu qədər pul getdi. Almaniyada o məbləğin 5-10 dəfə artığı gedir. Sadəcə, Almaniyada bunu sığorta qarşılayır. Azərbaycanda xəstə yaxınları özləri ödəyirlər. Maddi sıxıntı olanda, həkim xəstəyə istədiyi tibbi xidməti göstərə bilmir. Xəstəni hansısa aparata qoşmaq lazımdır, bunun üçün onun yaxınları pul ödəməlidir. Maddi sıxıntı olanda, həkim bunları edə bilmir. Əslində, sistem elə olmalıdır ki, həkim pulu fikirləşməməli, tibb sahəsində hansı yeniliklər varsa, onların hamısını xəstəyə tətbiq etməlidir. Pul sıxıntısı olanda, hər bir xidməti tətbiq edə bilməyəndə, keyfiyyətsiz tibb xidmət olur. Amma Almaniyada bu yoxdur, çünki sistem belə qurulub. Ona görə Almaniyada həkim işləmək daha rahatdır. Azərbaycanda işləyəndə bu məsələlərdən dolayı çox pis olurdum. Mən sıravi həkim idim, hamıya o köməyi etmək imkanım olmurdu. Belə məqamlar həkim olaraq mənə ağır gəlirdi.
- Almaniyada da reanimasiya şöbəsində çalışırsınız?
- Hazırda daxili xəstəliklər şöbəsindəyəm. Gələn ildən reanimasiya və intensiv terapiya şöbəsinə keçəcəyəm.


Tarix: 19-06-2021, 23:36 Oxunub: 373


Bölməyə aid digər xəbərlər