14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Ölkədə sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi siyasətin prioritetlərindəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilmişdir.
Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılmış, idxalda rüsumların maksimal həddi 15% həcmində müəyyənləşdirilmişdir. Eyni zamanda sahibkarların vergi yükü azaldılmış, o cümlədən mənfəət vergisinin dərəcəsi 22%-dən 20%-ə, fiziki şəxslərin gəlir vergisi 35%-dən 20%-ə endirilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanmış, elektron xidmətlərin tətbiqi genişləndirilmiş, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa, bütün növ vergilərdən azad olunmuşdur. Sahibkarlıq subyektlərinin qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi təmin edilmiş və onların onlayn qeydiyyatına başlanmışdır. Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi formalaşdırılmışdır. Belə ki, güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ÜDM istehsalında xüsusi çəkisi artmışdır. Bu gün ÜDM-nin həcmində özəl sektorun payı 80%-i ötmüşdür. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı isə 70-99% arasında dəyişir. 2011-ci il ərzində özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,5%-ni təşkil etmişdir.
2011-ci ildə ölkədə 94 mindən çox yeni iş yeri açılmışdır ki, bunun da 96,3%-i özəl sektorun payına düşür.
2011-ci ildə də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olmuşdur. Ötən il sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi, sahibkarların yeni işgüzar əlaqələr qurmasına köməkliyin göstərilməsi istiqamətində işlər davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmiş və 1 may 2011-ci il tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri fəaliyyətə başlamışdır. Dövlət nəzarət tədbirinin reyestrdə qeydiyyata alınması eyni vaxtda bir sahibkarlıq subyektində müxtəlif yoxlamaların aparılmasının qarşısının alınmasına, konkret məsələ üzrə aparılan araşdırmaların tezliyinə nəzarət etməyə, həmçinin sahibkarlıq subyektlərinin öncədən aparılacaq yoxlama və onun nəticələri haqqında məlumatlanmasına şərait yaratmışdır.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri barədə ictimaiyyətin, xüsusilə də sahibkarların məlumatlandırılması məqsədilə ötən il bir sıra tədbirlər, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının və beynəlxalq ekspertlərin iştirakı ilə “Monitorinq sisteminin təkmilləşdirilməsi: beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqi” mövzusunda keçirilmiş seminarda vahid məlumat reyestrinin təqdimatı keçirilmişdir.
Dövlət inzibatçılığında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiya ilə əlaqədar hüquqpozmalara şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsinin zəruriliyini nəzərə alaraq ölkə başçısının “Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə əsasən, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na sahibkarlıq subyektlərinə göstərilən xidmətlər də daxil edilmişdir. Belə ki, həmin siyahıya sahibkarlıq fəaliyyətini tənzimləyən və müxtəlif dövlət qurumları tərəfindən verilən icazələr, lisenziyalar, sertifikatlar və müxtəlif cür digər tənzimləyici sənədlər daxil edilmişdir. Yaxın gələcəkdə həmin sənədlərin elektron şəkildə verilməsi təmin olunacaqdır.
Dövlət başçısının 26 oktyabr 2011-ci il tarixli “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, icazələr barədə sorğulanan məlumatların asan tapılmasına, bu sahədə şəffaflığın daha da artırılmasına gətirib çıxaracaqdır.
Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə, öz fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir. 7 bölmədən ibarət olan saytda icazələrin söz, qurum və sənədin növü üzrə axtarış sistemi yaradılmışdır ki, bu da sorğulanan məlumatın çevik və asan tapılmasına imkan verəcəkdir. Həmçinin portalda “sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” bölməsi yaradılmışdır. Bu bölməyə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladığı sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri yerləşdiriləcək və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılması təmin ediləcəkdir. Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri bölməsi sahibkarlara onların məlumatlılıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında onların birbaşa iştirakını mümkün edəcəkdir ki, bu da öz növbəsində dövlət-sahibkar münasibətlərinin daha da inkişaf etdirilməsi deməkdir. Digər tərəfdənsə bu bölmə sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması prosesinin daha şəffaf aparılmasına imkan yaradacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını genişləndirmiş, güzəştli kreditlər üzrə müddətin maksimum həddi 10 ilədək məbləği isə 10 milyon manatadək artırılmışdır.
2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643 sahibkara Fondun tarixində ilk dəfə ən yüksək həddə - 138 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 6500-dək iş yerinin yaradılmasına imkan verəcəkdir. Kreditlərin 75%-i regionlara, 25%-i isə Bakı qəsəbələrinə verilmişdir. Güzəştli kredit vəsaitlərinin 80%-i aqrar sahənin inkişafına, o cümlədən 64%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 16%-i aqrar sahənin infrastruktur təminatına yönəldilmişdir. Ötən il müasir texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur yönümlü iri layihəyə 118 milyon manat kredit verilmişdir. 2011-ci ildə Fondun güzəştli kreditləri hesabına yaradılmış 33 istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. Fond tərəfindən maliyyələşdirilmiş daha 96 müəssisə isə bu il istifadəyə veriləcəkdir. 2012-ci ildə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 200 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Bu vəsaitin 110 milyon manatını verilmiş güzəştli kreditlər üzrə Fonda qaytarılacaq vəsaitlər, 90 milyon manatını isə dövlət büdcəsindən ayrılacaq vəsaitlər təşkil edəcəkdir. Güzəştli kreditlər müasir tələblərə cavab verən iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq (o cümlədən damazlıq), taxılçılıq və toxumçuluq, intensiv üzümçülük və çayçılıq təsərrüfatlarının, istehsal və emal müəssisələrinin, istixanaların, soyuducu anbar komplekslərinin, sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə, gənclərin, kiçik fermer və ailə təsərrüfatlarının, məcburi köçkünlərin, qadınların və az təminatlı ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına və s. istiqamətlərə yönəldiləcəkdir.
Ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, dövlət başçısı ötən ilin dekabrında Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı Fərman və Sərəncam imzalamışdır ki, bu ölkə iqtisadiyyatının modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, qeyri-neft sənayesini daha da gücləndirməklə yanaşı, sahibkarlığın inkişafına növbəti dövlət dəstəyidir. Belə ki, sözügedən sənədlərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılaraq sahibkarların istifadəsinə verilməsi, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün müxtəlif xidmətlərin göstərilməsi, güzəştli kreditlərin verilməsi və s. nəzərdə tutulur. Bütün bunlar isə ölkədə sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinə, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabət qabiliyətli, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələnməsinə xidmət edəcəkdir. Hazırda sözügedən parkların yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi tədbirlərinin nəticəsidir ki, son zamanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında artım müşahidə edilir. Belə ki, 2011-ci il ərzində 5137 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınmış və beləliklə, onların sayı 75632 vahidə çatmışdır. Ölkədə fəaliyyət göstərən müəssisələrin 60223 vahidi kiçik müəssisələr olmuşdur ki, bu da hüquqi şəxslərin 79,6%-nin kiçik müəssisələr olduğunu göstərir. 2011-ci ildə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayında da dinamik artım qeydə alınmış, 2011-ci il ərzində onlar 57576 vahid artaraq ümumi sayı 364600 vahidə çatmışdır.
Ölkə daxilində və xaricində həyata keçirilən iqtisadi tədbirlər, o cümlədən sərgilərdə və bir sıra tədbirlərdə sahibkarların iştirakı təmin olunmaqla onlara öz məhsul və xidmətlərini nümayiş etdirmək imkanları yaradılır ki, bu da öz növbəsində həmin sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin satışının dəstəklənməsinə xidmət edir. Ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması üçün İqtisadi İnkişaf Nazirliyinin təsisçiliyi ilə yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. İqtisadi İnkişaf Nazirliyi və AZPROMO tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər ölkə iqtisadiyyatının prioritet sahələrinə investisiya qoyuluşunun artmasında, sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması, onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Həm xarici investorlar, həm də yerli istehsalçılar istər Azərbaycanda iş qurmaq üçün, istərsə də xarici bazarlara çıxış üçün AZPROMO-nun təklif etdiyi məsləhətlərdən bəhrələnə bilərlər.
Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrinin genişləndirilməsi məqsədi ilə 2011-ci ildə Azərbaycanda 91, xarici ölkələrdə 99 biznes forum və konfrans, eləcə də Bakı şəhərində müstəqilliyimizin 20 illiyinə həsr olunmuş Milli Sərgi təşkil olunmuşdur. “Bakı Expo” Sərgi Mərkəzində təşkil edilmiş Milli Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak etmişdir. Sərgidə Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər nümayiş olunmuşdur.
Ötən il həmçinin, qeyri-neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada keçirilmiş 10 beynəlxalq sərgilərdə, o cümlədən ABŞ-ın San Fransisko şəhərində “Fancy Food Show 2011”, Almaniyanın Berlin şəhərində keçirilmiş “Beynəlxalq Yaşıl Həftə-2011”, Nürnberq şəhərində keçirilmiş “Biofak” beynəlxalq orqanik məhsulların sərgisində, Birləşmiş Ərəb Əmirliklərinin Şərcah şəhərində 13-cü “İKT Expo”, Həştərxan şəhərində “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” forumu çərçivəsində, Fransanın Aşağı Normandiya regionunun Leql şəhərində 54-cü ənənəvi Beynəlxalq yarmarkada, Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunan Dövlətlərarası Sərgidə, Almaniyanın Köln şəhərində keçirilmiş “Anuqa Beynəlxalq Ticarət Sərgisi”ndə milli şirkətlərin iştirakı təmin edilmişdir.
Yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına dövlət dəstəyinin ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodiki köməkliklərin göstərilməsi, məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti sahəsində biliklərin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2011-ci il ərzində 80-i regionlarda olmaqla, 140-dan çox treninq, dəyirmi masa, konfrans və seminar keçirilmiş, 52 azərbaycanlı sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kurslarında iştirak etmiş, müvafiq müəssisələrdə təcrübə keçmişdir.
2011-ci ildə həmçinin, 100-dən artıq rəqabətqabiliyyətli sənaye məhsulları istehsalçıları və alıcıları ilə görüş keçirilmiş, 200-ə yaxın şirkətin istehsal etdiyi məhsullardan ibarət Azərbaycan məhsullarının, 100-ə yaxın şirkətin istehsal etdiyi sənaye məhsullarının və MDB-nin 20 illiyinə həsr olunmuş sərgi üçün hazırlanmış 140-a yaxın şirkətin istehsal etdiyi məhsullar barədə 3 xüsusi kataloq, 75 müəssisə üzrə sənaye məhsullarının spesifikasiyasına dair kompakt disk hazırlanmış, beynəlxalq sərgilərin təşkilatçıları tərəfindən nəşr olunan kataloqlarda milli şirkətlər haqqında məlumatların dərc olunması təmin edilmişdir.
Sahibkarların hüquqlarının müdafiəsi istiqamətində də ötən il bir çox tədbirlər həyata keçirilmişdir. 2011-ci il ərzində 48625 sahibkarlıq subyektinə Nəzarət Kitabçası paylanılmışdır. Məlumat üçün qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin 2008-ci il 11 avqust tarixli Qərarı ilə sahibkarlıq subyektləri Nəzarət Kitabçası ilə əvəzsiz təmin edilir. Bundan başqa, sahibkarlıq fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sahibkarlıq subyektlərindən daxil olan şikayətlərə mütəmadi olaraq baxılmış, şikayətçilər qəbul edilmiş, tələb olunduqda yerində araşdırılmış və zəruri olduqda metodiki köməklik göstərilmişdir.
Sahibkarların hüquqlarının dövlət tərəfindən qorunmasının digər bir aspekti sahibkarlarla dövlət arasında operativ əlaqə mexanizminin qurulmasıdır. Bu sahədə sahibkarlar İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet səhifəsindən istifadə etməklə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biliklərlə yanaşı, Azərbaycanda biznes sahəsində mövcud qanunvericilik aktları barədə ətraflı məlumat əldə edə bilərlər.
Sahibkarlığa dövlət dəstəyinin səmərəsinin daha da yüksəldilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, iş adamlarının iqtisadi və hüquqi informasiya ilə təminatının yaxşılaşdırılması, həmçinin İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı sualların operativ və vaxtında cavablandırılması məqsədilə yaradılmış 195-2 Telefon Məlumat Mərkəzinə 2011-ci ildə 5300-ə yaxın müraciət daxil olmuşdur. Müraciətlər əsasən, İqtisadi İnkişaf Nazirliyinin sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, güzəştli kreditlərin verilmə mexanizmi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə etmişdir. Ümumilikdə isə, Telefon Məlumat Mərkəzinə fəaliyyətə başladığı 1 sentyabr 2009-cu il tarixindən 13000-dən çox müraciət daxil olmuşdur. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılmış, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılmış və nəticəsi barədə müraciətçilərə məlumat verilmişdir. Beləliklə, 2011-ci il də sahibkarlığın inkişafı sahəsində əhəmiyyətli illərdən olmuşdur və bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Biznes mühitinin əlverişliliyini qiymətləndirən bir sıra tanınmış beynəlxalq təşkilatlar vardır ki, onların hazırladığı hesabatlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, ötən il Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur. “Doing Business 2012” hesabatında Azərbaycan 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yerə çıxmışdır. Bununla yanaşı, “Standart & Poor’s” Reytinq Agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq “BBB-” səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu isə “sabit” saxlamışdır. “Fitch Ratings” Agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini investisiya səviyyəli “BBB-” səviyyəsində təsdiq etmiş və reytinq proqnozunu “stabil”dən “müsbət”ə yüksəltmişdir. “Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini “Ba1” səviyyəsində qiymətləndirmiş, reytinq üzrə proqnozu isə “müsbət”ə dəyişmişdir.
Özəl sektorun daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün sahibkarlıq Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır. Azərbaycan Respublikası Prezidentinin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi kimi, “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.
Bölməyə aid digər xəbərlər