Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Baxış: 144
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib.

“Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı səfirin etimadnaməsini Laos Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu deyib. Bildirib ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini deyib. Dövlət başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğulayıb, məhz ölkəmizin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirib, bunu ölkəmizə olan hörmətin nümunəsi kimi qiymətləndirib.

Dövlət başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş edib.

Səfir həmçinin qeyd edib ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb.

Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını deyib.

Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Keniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini, həmçinin onunla Azərbaycanda və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu, digər istiqamətlər, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Dövlət başçısı bütün sahələrdə ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. O, son dövrlərdə əlaqələrimizin inkişaf etdiyini deyərək hər iki dövlət başçısının əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri tapşırıqlara uyğun olaraq səylərini əsirgəməyəcəyini vurğulayıb.

Cona Mayna Mvangi əməkdaşlığın genişləndirilməsi məsələsində müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin önəminə toxunub.

Görüşdə Azərbaycanla Keniya arasında bir çox sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.