Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kəlbəcərdə radio və televiziya yayımı təmin edildi

Baxış: 384

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sahibkartv.az-a verilən məlumata görə, Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub.
Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin bərpası istiqamətində də işlərə başlanılıb. Cari ilin sonunadək stansiyanın istismara veriləcəyi gözlənilir. Sözügedən stansiyanın istismara verilməsi nəticəsində Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisində radio-televiziya yayımı təmin olunacaqdır.
Buna paralel olaraq, Qubadlı stansiyasının infrastrukturunun yenidən qurulması və Zəngilan rayonu ərazisində yerləşən mövcud Mincivan stansiyasında müvafiq rekonstruksiya işləri görülməklə bu rayonların ərazilərində radio-televiziya yayımlarının bərpası üzrə müvafiq işlər aparılır.
Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq, 31 dekabr 2020-ci il tarixindən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.