Day, Month 00, Year
00: 00: 00 AM
Ekspert: “Ermənistan anladı ki, Gorus-Qafan Azərbaycan ərazisidir və o yol istənilən anda bağlana bilər”


“Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin bağlanması Azərbaycanın suveren hüququdur. Bundan ötrü biz kiminləsə məsləhətləşməli və ya kiminsə fikrini nəzərə almalı deyilik”.
Bunu “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, sadəcə doqquz ay ərzində Azərbaycan xoş niyyət nümayiş etdirərək ermənilərin də eyni addımları Azərbaycana qarşı atmasını gözləyirdi:
“Dolayısıyla, bu dəhlizin qarşılığında biz Zəngəzur dəhlizinin açılmasını, eyni zamanda Ermənistanın Azərbaycana təşəkkür etməsini gözləyirdik. Baş verən proseslər isə bunun tam əksini nümayiş etdirdi. Onlar Azərbaycan tərəfinə təxribatlar törətmək qərarına gəldilər. Nəticədə bu yol bağlandı. Ermənistan tərəfi anladı ki, bura Azərbaycan ərazisidir və o yol istənilən anda bağlana bilər”.
Ekspert vurğulayıb ki, bundan sonrakı müddətdə Azərbaycan tərəfi bu yola nəzarəti daha da gücləndirəcək:
“Böyük ehtimalla, həmin yoldan hərbi yüklərin Qarabağa daşınmasına icazə verilməyəcək. Əgər Ermənistan bundan sonra da hansısa təxribatlara, silah-sursat daşınmasına yol verərsə, yəqin ki, bu marşrutlar, o cümlədən dəhlizin başqa hissələrində də bizim bunu həyata keçirmək imkanımız var. Həmin bu fəaliyyətləri həyata keçirə bilərik. Yəni bu, bir xəbərdarlıq siqnalı kimi Ermənistan ictimaiyyətinə ötürüldü ki, ya siz mehriban şəraitdə yaşamalısınız, ya da bu ərazilərdə yaşamamalısınız. Başqa yol qalmır”.
“Hesab edirəm ki, Azərbaycan bir daha həm sülhməramlılara, həm prosesdə iştirak edənlərə, həm də Ermənistanda revanşdan danışanlara başa saldı ki, biz öz ərazilərimizdəyik. İstənilən fəaliyyəti kiminləsə məsləhətləşmədən anında həyata keçirə bilərik. Odur ki, ermənilər bu məsələlərdə gələcəkdə daha ehtiyatlı olmalıdırlar. Əks halda, onları təkrar ağrılı-acılı hadisələr gözləyə bilər”, - ekspert Ə. Verdiyev əlavə edib.
Xatırladaq ki, avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar. Əsgər R. Şirəliyev isə təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, onun həyatı üçün təhlükə yoxdur.
Azərbaycan sərhədçisinə hücum olunandan sonra Gorus-Qafan yolunda hərəkət məhdudlaşdırılmışdı və bu, qayda-qanunun bərpası, ərazinin təmizlənməsi ilə bağlı olub.


Tarix: 28-08-2021, 14:57 Oxunub: 341


Bölməyə aid digər xəbərlər