Day, Month 00, Year
00: 00: 00 AM
Bu mayı azad qarşılayan Şuşa - dirçələn Qala

Bu gün Şuşanın işğaldan azad edilməsindən 6 ay keçir. Nəinki Azərbaycanın, bütövlükdə Qafqazın incisi olan bu qala şəhəri 28 il 6 ay düşmən tapdağı altında qalmışdı. Əlbəttə, işğal nəticəsində şəhid olanları, Azərbaycan dövlətinə, tarixinə vurulan ziyanları yada salmağa ehtiyac var.
1992-ci il mayın 8-də Ermənistan havadarlarının yardımı ilə “Dağlarda toy” əməliyyatı ilə Şuşanı işğal etmişdilər. Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələri qəsdən mülki şəxsləri və obyektləri hədəf almışdılar. O zaman Şuşanın işğalı müharibənin gedişində həlledici rola malik oldu. Bu şəhər Azərbaycanın Dağlıq Qarabağda malik olduğu ən mühüm hərbi məntəqə sayılırdı. Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı.


İndi dünyaya hay-küy salan ermənilər və havadarları - bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər o zaman Şuşanın işğalını müşahidə etmək üçün mayın 6-da dəniz səviyyəsindən 1207,3 m şimal yüksəklikdə yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında “Qarabağ cəbhəsi”nin “komandanı” Arkadi Ter-Tadevosyan, Ermənistanın o vaxtkı müdafiə naziri Vazgen Sarkisyan, general Qurqen Dalibaltayan, Ermənistanın hərbi qərargah rəisi Feliks Kozoryan, Robert Koçaryan, Serj Sarqsyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də “Ümumdünya xristian həmrəyliyi” və “Daşnaksütyun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer ayırmışdılar. Həmin gün 1 800 erməni silahlısına 500 azərbaycanlı əsgər müqavimət göstərib. 10 saatdan artıq davam edən döyüşlər nəticəsində 1 860 dinc azərbaycanlı yaralanıb, 480 mülki şəxs, o cümlədən 193 dinc yerli sakin həlak olub, 22 min nəfər öz yurdundan didərgin düşüb, 68 azərbaycanlı əsir götürülüb. Onların taleyindən bu günə qədər məlumat yoxdur. Qeyd edək ki, Şuşanın ərazisi 289 kv. km-dir. Həmin dövrdə Şuşa rayonunun 25 min əhalisi olub.


Rəsmi məlumatlara əsasən, işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqirə məruz qalıb, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olmuşdular. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.


Həmin illərdə Ermənistanın və ermənilərin başını sığallayanlar sonrakı 29 ilə yaxın müddət ərzində Azərbaycana vədlər vermək, boş-boş açıqlamalarla Şuşanın və başqa rayonların işğal altında qalmasına, bu torpaqların erməniləşdirilməsinə yardım ediblər. Həmin qüvvələr indi də “xristian abidələrinin” qorunması üçün saxtakarcasına canfəşanlıq göstərirlər. Əslində, onlar bununla Azərbaycana təzyiq etmək üçün bəhanə axtarırlar. İkinci Qarabağ müharibəsində təkcə işğalçı Ermənistan deyil, həmin pisniyyətli “beynəlxalq ictimaiyyətin” də iç üzü açıldı. Ermənistan ordusu ilə birlikdə həmin qüvvələr də Şuşadan və Azərbaycanın işğal altında olan başqa torpaqlarından qovuldular. Azərbaycanda saxlanılan erməni terrorçu diversantlarının geri qaytarılması üçün hay-küy salanlar, müxtəlif təşkilatlara müraciət ünvanlayanlar işğal altında olmuş torpaqlara basdırılan minaların xəritəsinin Azərbaycana verilməsini Ermənistandan tələb etmirlər.
Şuşada 28 il 6 ay əvvəl ermənilərin törətdikləri vəhşiliklər barədə qısa xatırlama ilə əldə edilən qələbənin əhəmiyyətini göstərməyə çalışdıq. Bu torpaqlarda düşmən bir daha parad keçirə bilməyəcək. Bütün işğallar yalnız tarixdə qalır. Şuşanın işğalı tarixdə qaldı. Bu işğalı gələcək nəsil tarixdən oxuyacaq, dost və düşməni tanıyacaq.


2020-ci il noyabrın 7-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri şəhərin ətrafındakı qayalıqları dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olublar. Onlar erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Prezident İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”


Bu gün torpağın sahibləri Şuşanın yaralarını sarıyır. Şəhərini erməni tapdağından xilas edən Azərbaycan gəncliyi onun dirçəlməsində də başda gedir. Şuşa ilə yanaşı, Azərbaycanın da bükülmüş beli dirçəlir. Bundan sonra Şuşanın tarixində yeni xoş günlər başlayır. Ermənistan işğal etdiyi torpaqlarda yalnız mina basdırmaq, evləri, abidələri dağıtmaqla məşğul olub. Azərbaycan torpağını azad edib onu dirçəltməyə başlamaqla Şuşanın əsl sahiblərini dünyaya göstərdi. Bu gün Qala yeni günlərə, öz doğmalarını, sahibini qarşılamağa hazırlaşır. Onun meydanlarında, evlərində, toylarında Muğam, məscidində Azan səslənəcək. Şuşadan Muğam və Azan səsi bir daha əskik olmayacaq. Bu günü Şuşa bayram edir, çünki işğalçıdan təmizlənməsindən 6 ay ötür. Yaşa Azərbaycanla, Azad Şuşa! Dostlar səni azad görüb sevinsin, düşməni isə ağlar günə qalsın. Şuşada bu may 28 il əvvəlki kimi olmadı, bundan sonra da olmayacaq...


Tarix: 8-05-2021, 08:59 Oxunub: 259


Bölməyə aid digər xəbərlər