Day, Month 00, Year
00: 00: 00 AM
İlham Əliyev BMT-nin qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edir

“Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görüb, həyata keçirilən düzgün strategiya nəticəsində istədiyinə nail olub. Ona görədir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə hesab olunur”.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, COVID-19 pandemiyasının bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam etməsinə baxmayaraq, Azərbaycan hökuməti əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirib:
“Azərbaycanda pandemiyanın ilk günlərindən COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Pandemiya zamanı məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. Aztəminatlı işsiz şəxslərə aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib, 90 min ödənişli ictimai iş yerləri yaradılıb, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailəyə kiçik təsərrüfatlarını qurmasına şərait yaradılıb, 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə, 20 minədək şəxs işsizlikdən sığorta ödənişi ilə əhatə olunub. Onu da qeyd etmək yerinə düşər ki, ilk sərt karantin zamanı 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilib. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 KVts həcmində artırılıb və bu işə 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənilib və buna da 40 milyon manat xərclənib. Bütün bu tədbirlərin ümumiləşdirilmiş təhlili onu deməyə əsas verir ki, Azərbaycan dünyada sosial öhdəliklərini vaxtında tam yerinə yetirən yeganə ölkələrdəndir. Hazırda isə ölkəmizdə peyvəndləmə kampaniyası gedir və bu gün hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır”.
Sədaqət Vəliyeva vurğulayıb ki, düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb, ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb və bütün bu fəaliyyət Azərbaycanın özünün maliyyə resursları hesabına həyata keçirilib:
“Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb. Bunu BMT-nin, ÜST-nin rəhbərliyinin açıqlamalarından da görmüşük. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib. Eləcə də Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu bütün addımlarında nümayiş etdirib. Bu mənada, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il 3-4 dekabr tarixlərində BMT-nin xüsusi sessiyası baş tutub. Azərbaycan dəfələrlə açıq şəkildə “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını ifadə edib. Məhz, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.
“Budəfəki sessiya çərçivəsində də Azərbaycan BMT Baş Assambleyasında “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar qətnamə layihəsini irəli sürməyi planlaşdırır”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımların atılması üçün BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib:
“Ümumiyyətlə, bütün addımlarına və tədbirlərinə görə Azərbaycan hər zaman olduğu kimi pandemiyaya qarşı mübarizədə də beynəlxalq məsuliyyətini dərk edən, qlobal humanist və təşəbbüskar ölkə mövqeyindən çıxış edir, COVID-19-a qarşı mübarizədə dünyanın bir çox ölkələrinə nümunə hesab olunur”.


Tarix: 24-09-2021, 15:30 Oxunub: 169


Bölməyə aid digər xəbərlər