Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ

Baxış: 153
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ


AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.
Dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq.

“İçərişəhər-Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək. Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Qeyd edək ki, 1981-1987-ci illərdə inşası aparılan yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar dövründə qrunt suları və torpaq erroziyası səbəbindən sıradan çıxmış, güclü korroziyaya uğramışdı.

Aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.

Gücləndirmə işləri çərçivəsində qrunt, yağıntı və kommunikasiya xətlərindən gələn suların təsirini önləmək üçün 1,5-2 m dərinlikdə məhlulvurma aparılıb, yan və orta divarlar pilləli sökülərək yeni beton konstruksiyalarla əvəzlənib, antikorroziya tədbirləri görülüb. Bakı metropoliteni tarixində ilk dəfə tavanın dözümlülüyünü artırmaq üçün xüsusi sınaqlardan keçmiş karbon lifli materiallardan istifadə olunub, tunel geyiminin arxasında inyeksiya üsulu ilə gücləndirmə aparılıb, divar və tavana mühafizə boyası vurulub.

Yol infrastrukturunda döşəmə örtüyü gücləndirilərək yeni yol yatağı salınıb. Ağac şpallar dəmir-beton bloklu ballastsız yollarla əvəzlənib, 6 yeni yoldəyişdirici qurğu monolit özül üzərində quraşdırılıb. Müasir alüminium əsaslı təmas relsi isə elektrik enerjisinə qənaət etməyə və qulluğu asanlaşdırmağa imkan verir. Eyni zamanda rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib.

Həyata keçirilən bu layihə metropolitenin mühüm istismar sahəsini texniki cəhətdən müasirləşdirməyə, sərnişindaşımanın keyfiyyətini, təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə xidmət edir.

Xatırladaq ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025-2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.