Day, Month 00, Year
00: 00: 00 AM

Prezident İsrailin turizm nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev həyata keçirilən qarşılıqlı səfərlərin də əlaqələrimizin inkişafına töhfə
İqtisadi sferada əlaqələrə toxunan dövlət başçısı energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerjiyə artıq fəal şəkildə sərmayə qoyulduğunu bildirərək, İsrail şirkətlərinin də ölkəmizdə bu sahəyə maraq göstərdiyini qeyd edib və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı potensialın olduğunu bildirib. Dövlət başçısı İsrail şirkətlərinin yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.
Dövlət başçısı hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğulayıb, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirib.
İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilk növbədə Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Qonaq Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayaraq uzun illər xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin mövcud olduğunu məmnunluqla bildirib. O, yəhudi icmasının ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini deyib və bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu vurğulayıb.
“İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq. Bu, çox önəmlidir”, - deyən qonaq Ermənistanla Azərbaycan arasında danışıqların uğurlu olacağına və bunun da regionda sabitliyin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib.
Yoel Razvozov İsrail şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, ağıllı şəhər, energetika, su təchizatı və digər sahələrdə iştirak etməkdə də maraqlı olduqlarını deyib.
Azərbaycanın biznes üçün çox yaxşı imicə malik olduğunu vurğulayan İsrailin turizm naziri ölkəmizdə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcudluğunun İsrail şirkətləri üçün cəlbedici olduğunu qeyd edib.
Yoel Razvozov bu il Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin də qeyd olunduğunu vurğulayıb.


Tarix: 5-04-2022, 13:16 Oxunub: 148


Bölməyə aid digər xəbərlər