Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Hayastan” fondu yenə Qarabağ adından dilənməyə başladı

Baxış: 108
“Hayastan” fondu yenə Qarabağ adından dilənməyə başladı


Erməni diasporuna növbəti dəfə müraciət edildi – 5 milyon dollar  toplamaq istəyirlər, əsas layihələrdən biri Qarabağda könüllü köçürülmüş ailələr üçün...

Ermənistanın Ümumerməni “Hayastan” Fondu növbəti illik ianə kampaniyasına start verib. Bu dəfə “Aramızda Ermənistan var” şüarı ilə keçirilən kampaniyanın əsas məqsədi müxtəlif ölkələrdə yaşayan erməniləri maliyyə toplamağa cəlb etmək, Ermənistanın sosial və infrastruktur layihələrini maliyyələşdirməkdir.
Musavat.com “Armenpress”ə istinadən verdiyi  məlumata görə, fond builki kampaniya çərçivəsində üç strateji layihə və donorların təşəbbüsü ilə hazırlanmış bir sıra digər layihələr üçün ümumilikdə 1 milyard 973 milyon dram (təxminən 5 milyon ABŞ dolları) vəsait toplamağı planlaşdırır.

Kampaniyanın əsas istiqamətlərindən biri Qarabağdan köçürülmüş ermənilərin məskunlaşdırılması ilə bağlıdır. Belə ki, Gümrü şəhərində Qarabağdan guya zorla köçürüldüyü bildirilən ailələrə üçün məmnzil tikintisi nəzərdə tutulub.

Layihə bununla da bitmir. Ərazidə 75 uşaqlıq bağçanın, ictimai parkın, “Tumo Box” mərkəzinin, eləcə də mədəniyyət və təhsil mərkəzinin tikilməsi planlaşdırılır. Proqramın ümumi büdcəsi 6 milyard 806 milyon 267 min 120 dramdır. Hazırkı mərhələdə isə onun maliyyələşdirilməsi üçün 931 milyon 939 min 36 dram vəsait tələb olunur.

Fondun digər layihələri Ermənistanın regionlarını əhatə edir. Geğarkunik vilayətinin kənd icmalarında bir tibb ambulatoriyasının və iki uşaq bağçasının tikintisi planlaşdırılır. Bu layihənin ümumi büdcəsi 1 milyard 161 milyon dramdan çoxdur. Onun həyata keçirilməsi üçün 420 milyon 540 min dram vəsaitin toplanması nəzərdə tutulub.

Sünik vilayətində isə Spandaryan kanalının bərpası davam etdiriləcək. Layihə nəticəsində 2800 hektara qədər kənd təsərrüfatı torpağının suvarılması yaxşılaşmalı, təxminən 450 ailənin, yəni 1940 nəfərin həyat şəraitinə müsbət təsir göstərilməlidir. Bu layihənin maliyyələşdirilməsi üçün 109 milyon 918 min dram tələb olunur.

Fondun icraçı direktoru Aramais Avetisyan bildirib ki, builki kampaniyanın məqsədi Ermənistanla diaspor arasında əlaqələri gücləndirməkdir. Onun sözlərinə görə, Ermənistan təkcə ümumi dəyər deyil, həm də ortaq məsuliyyətdir. Fond müxtəlif ölkələrdə yaşayan erməniləri etimad, həmrəylik və əməkdaşlıq əsasında bir araya gətirməyə çalışır.

Qeyd edək ki, 1992-ci il martın 3-də Ermənistan prezidentinin fərmanı ilə yaradılan “Hayastan” Fondu indiyədək 1136 layihə həyata keçirib. Fondun məlumatına əsasən, bu layihələrin 43,6 faizi həyat keyfiyyətinin yaxşılaşdırılmasına, 29 faizi isə infrastrukturun inkişafına yönəldilib.

Göründüyü kimi, Ermənistan yenidən xaricdə yaşayan ermənilərin maddi dəstəyinə ümid edir. Xüsusilə Qarabağdan könüllü köçmüş ailələri kampaniyanın əsas istiqamətlərindən biri kimi təqdim olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.