Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranın MDB-yə qoşulmasının Bakı üçün riskləri

Baxış: 72


İran MDB-nin yeni əməkdaşlıq formatı olan “MDB+”a qoşula bilər. MDB-nin baş katibi Sergey Lebedev bildirib ki, Tehrana bu statusun verilməsi məsələsi hazırda nəzərdən keçirilir. Müsbət qərar qəbul olunarsa, İran formatın ilk iştirakçı dövləti olacaq. Musavat.com xəbər verir ki, bu barədə “Svobodnaya Pressa” nəşri yazıb.

İran prezidenti Məsud Pezeşkian bu təşəbbüsü oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən MDB sammitində irəli sürüb. Onun fikrincə, yeni format regional əməkdaşlığın, xüsusilə enerji istehsalı, ötürülməsi və mübadiləsinin inkişafına xidmət edə bilər.

Qeyd edək ki, “MDB+” formatının yaradılması barədə qərar 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən sammitdə qəbul olunub. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, İranla əməkdaşlığın genişləndirilməsi ideyası həm Moskvada, həm də digər MDB paytaxtlarında maraq doğurub. Onun sözlərinə görə, təşkilatın mövcud mexanizmləri üçüncü ölkələrlə əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi üçün kifayət qədər imkan yaradır.

“Svobodnaya Pressa”ya danışan Rusiya Maliyyə Universitetinin eksperti, iranşünas Fərhad İbrahimov hesab edir ki, İran bu addımla Qərbin yaratmağa çalışdığı siyasi və iqtisadi təcriddən çıxmaq, qonşu dövlətlərlə münasibətlərini genişləndirmək istəyir. Onun fikrincə, MDB İran üçün bu baxımdan ən əlverişli platformalardan biridir. Tehran həm siyasi proseslərdə iştirak imkanlarını artırmaq, həm də münasibətləri mürəkkəb olan bəzi MDB ölkələri ilə iqtisadi əlaqələr qurmaq niyyətindədir.Ekspertin sözlərinə görə, İranın MDB məkanına marağı onun Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığı, eləcə də Azərbaycan, Ermənistan və Türkmənistanla qonşuluq münasibətləri ilə bağlıdır.

Fərhad İbrahimov İranın MDB ilə əməkdaşlığının Birlik ölkələri üçün də iqtisadi üstünlüklər yaradacağını düşünür. O, təxminən 90 milyonluq İran bazarının MDB dövlətləri üçün əhəmiyyətini xüsusi vurğulayır. Ekspertin fikrincə, bu əməkdaşlıq çərçivəsində İrana taxıl, ərzaq məhsulları, avadanlıq və sənaye mallarının ixracı genişləndirilə bilər.

Bununla yanaşı, İbrahimov əsas riskin sanksiyalarla bağlı olduğunu bildirir. Onun sözlərinə görə, bəzi MDB ölkələri İranla həddindən artıq iqtisadi yaxınlaşmanın özlərinə qarşı əlavə məhdudiyyətlərə səbəb olacağından ehtiyat edirlər. Ekspert xüsusilə Qazaxıstanın bu məsələdə narahatlıqlarının olduğunu qeyd edir.

Fərhad İbrahimov Azərbaycanın da MDB çərçivəsindəki roluna diqqət çəkib. O xatırladıb ki, Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək. Ekspertin fikrincə, İranın yeni əməkdaşlıq formatına qoşulması Birliyin fəaliyyətinə əlavə impuls verə bilər.

İranın MDB+ formatında iştirakı Azərbaycan üçün də bir sıra iqtisadi imkanlar yarada bilər. Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu baxımdan diqqət çəkir. Azərbaycan, Rusiya və İranın iştirak etdiyi bu layihənin genişlənməsi yükdaşımaların artmasına, tranzit gəlirlərinin yüksəlməsinə və Azərbaycanın regional logistika mövqeyinin möhkəmlənməsinə şərait yarada bilər.

İranın 90 milyonluq bazarı Azərbaycan məhsullarının ixracı üçün də əlavə imkanlar deməkdir. Kənd təsərrüfatı, ərzaq, sənaye məhsulları, tikinti materialları və digər sahələrdə ticarət əlaqələrinin genişləndirilməsi gündəmə gələ bilər.

Pezeşkianın enerji sahəsində əməkdaşlıq təşəbbüsü də Azərbaycan üçün maraqlıdır. Regionda enerji istehsalı, ötürülməsi və mübadiləsi üzrə əlaqələrin genişləndirilməsi Azərbaycanla İran arasında mövcud enerji əməkdaşlığının inkişafına əlavə zəmin yarada bilər.

Beləliklə, “MDB+” formatının İranın iştirakı ilə genişlənməsi təkcə Tehranın deyil, Azərbaycan da daxil olmaqla digər iştirakçı ölkələrin iqtisadi və nəqliyyat əlaqələri üçün yeni imkanlar aça bilər. Lakin İranla əməkdaşlığın genişləndirilməsində beynəlxalq sanksiyalarla bağlı risklər də nəzərə alınmalı olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.