
Gürcüstanın xarici işlər nazirinin keçmiş birinci müavini, ölkənin Rusiyadakı sabiq səfiri Valeri Çeçelaşvili Tiflisin regional münasibətlərdə nüfuzunun zəiflədiyini bildirib.
Gürcüstanın “Interpressnews” agentliyinin məlumatına görə, “Öncə Gürcüstan” partiyasının həmtəsisçisi Çeçelaşvili “PalitraNews” telekanalının efirində Batumi stadionunda baş verən hadisələrdən və Türkiyənin sərt reaksiyasından danışıb.
Sabiq diplomatın sözlərinə görə, Ankaranın reaksiyası Gürcüstana münasibətin dəyişdiyini göstərir. O, Türkiyənin açıqlamalarındakı sərt tondan narazılığını ifadə edib.
Çeçelaşvili Türkiyənin bir sıra müxalifət deputatlarının “Abxaziya ilə dostluq qrupu” yaratmasına Gürcüstan hakimiyyətinin lazımi reaksiya vermədiyini də bildirib.
Sabiq diplomat Azərbaycanla münasibətlərə də toxunaraq ölkəmizə qarşı əsassız ittiham səsləndirib. O, guya Müqəddəs Georgi günü Qax rayonundakı Kürmük məbədinə yerli dindarların buraxılmadığını və Tiflisin məsələyə rəsmi münasibət bildirmədiyini söyləyib. Çeçelaşvili bu ittihamı əsaslandıran konkret sübut təqdim etməyib.
Çeçelaşvili Gürcüstanın regional nüfuzunun əvvəllər ABŞ və Avropa İttifaqının etibarlı tərəfdaşı olması ilə möhkəmləndiyini, hazırda isə bu mühüm dayağı itirdiyini vurğulayıb.
Onun fikrincə, diplomatik problemlərin vaxtında həll edilməməsi gələcəkdə daha ciddi fəsadlara səbəb ola bilər.
Gürcüstanın “Civil Georgia” nəşrinin məlumatına görə, Ankarada yaradılan “Abxaziya ilə dostluq qrupu” müxalifət deputatlarının təşəbbüsüdür. Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyi dəyişməyib.







































