Day, Month 00, Year
00: 00: 00 AM

Soçi bəyanatının gizli kodları: Münaqişə bitib, status gorbagor olub


Ötən ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli bəyanatın qəbul edilməsindən bir ildən çox müddət ötür. Bu baxımdan dövlət başçılarının noyabrın 26-da Soçidə keçirilən görüşünü də həmin sənədin icra vəziyyətinin yoxlanması, monitorinqi kimi də dəyərləndirmək olar.
Görüşdə əsasən, Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası, regionda vəziyyətin sabitləşməsi və təhlükəsizliyin təmin edilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi məsələlər müzakirə edilib.
Prezidentlər və hökumət başçısı görüşün təşkilindən və yekunlarından razı qaldıqlarını bildiriblər.
Doğrudan da Azərbaycan ictimaiyyətini narahat edən bir sıra məsələlərin müzakirələr yolu ilə həll olunacağına ümid çox olduğundan bu toplantının nəticələri də müsbət qiymətləndirilir.
Prezident İlham Əliyev əvvəllər dəfələrlə münaqişənin bitdiyini, Qarabağa heç bir status status verilməyəcəyini bəyan edib. Soçidə keçirilən üçtərəfli görüşdə “münaqişə” və “status” kimi ifadələrin işlədilməməsi isə rəsmi Bakının mövqeyinin qəbul edildiyini, bölgədə fərqli şəraitin yarandığını bir daha təsdiqləyir.
Soçi bəyanatında yalnız bir yerdə - sənədin giriş hissəsində münaqişə ifadəsi yer alıb. O da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli bəyanatı, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli bəyanatı xatırlatmaq üçün istifadə edilib. Bu isə o deməkdir ki, hər üç tərəf bölgədə münaqişənin olmadığını, hazırkı mərhələnin post-müharibə və əməkdaşlıq, quruculuq dövrü olduğunu qəbul edir. Belə yanaşma rəsmi Bakının müharibənin dayandırıldığı andan tutduğu mövqeyinə və hazırkı maraqlarına tam uyğundur.
Soçi görüşünə Azərbaycan tərəfi Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsi, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, 2020-ci ilin noyabrın 10-da imzalanmış bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi, qarşı tərəfin sərhəddə təxribatlarının qarşısının alınması, Zəngəzur dəhlizinin açılması, qaçqınların yurdlarına qayıtması kimi məsələlərlə getmişdi.
Danışıqlardan sonra liderlər mətbuata bəyanatla çıxış etdilər. V.Putin qeyd etdi ki, iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılıq əldə olunub: “Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur”.


Görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərar qəbul olunub. Rusiya Prezidenti çıxışında bu məsələdən də bəhs edib. O bildirib ki, görüşdə iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət ediblər, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə, o cümlədən dəmir yolu, avtomobil yollarının bərpası barədə danışıblar.
Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökuməti sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupun gələn həftə iclasının keçirilməsi barədə razılıq əldə edilib. Bu da nəzərdə tutulan planların icrası baxımından əhəmiyyətli sayıla bilər.
Azərbaycan Prezidenti çıxışında bu ilin əvvəli və sonunda üçtərəfli görüşün keçirilməsinin əhəmiyyətinin qeyd edərək, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat dəhlizlərinin bərpası ilə bağlı məsələləri xüsusi vurğulayıb. Prezident İlham Əliyev müzakirələrin səmimi keçdiyini söyləyib: “Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq”.


Azərbaycanın dövlət başçısı humanitar məsələlərə toxunaraq hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100-dən çox erməni hərbi qulluqçunun Ermənistan tərəfə verildiyini, yaralanmış hərbi qulluqçulara azərbaycanlı həkimlər tərəfindən tibbi yardımın göstərildiyini, yolu azaraq qarşı tərəfə keçmiş bir erməni mülki şəxsin də geri göndərildiyini vurğulayıb.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmində olduğunu da söyləyib.
Nikol Paşinyan isə bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsinin qeyd edildiyini, kommunikasiyaların işləyəcəyi barədə təsəvvürün ortada olduğunu, habelə delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusunun da yeni olmadığını söyləyib. Amma Ermənistanın hökumət başçısı əvvəlki iddialarından bəhs etməyib.
Soçi bəyanatında Azərbaycan tərəfinin mövqeyi öz əksinin tapıb. V.Putinin mətbuat konfransında dəhliz ifadəsini isə dəfələrlə işlətməsi Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən də dəstəklənməsi kimi qiymətləndirilə bilər. Çünki Rusiya bu dəhliz vasitəsi ilə Ermənistanla daha təhlükəsiz və maneəsiz əlaqə saxlaya biləcəyini yaxşı anlayır.


Soçi görüşü Azərbaycanın uzun illərdir əməkdaşlıq və regional sülhün təmin olunması ilə bağlı irəli sürdüyü təkliflərin doğruluğunu təsdiqlədi. Ermənistan tərəfi də bu görüşdə anladı ki, Rusiya heç də onların arzuladıqları kimi mövqe tutmayacaq. Rəsmi Moskva regional əməkdaşlığın, Cənubi Qafqazda sülhün təmin olunmasının münaqişədən daha çox faydalı olduğunu yaxşı bilir. Onların bu mövqeyi Azərbaycanın yanaşması ilə üst-üstə düşür. Çünki münaqişələr nə tərəflərə, nə də bu məsələni baş aktorlarından sayılan Rusiyaya heç bir mənada xeyir gətirmir. Regionda möhkəmlənmək və maraqlarının təmin olunması üçün də Moskvaya Cənubi Qafqazda sabitlik, sülh və əməkdaşlıq faydalıdır.
Bundan başqa, regional məsələlərdə rəsmi Ankara, Bakı və Moskva eyni mövqedən çıxış edir. Soçi görüşündə Putinin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması bunu təsdiqləyir. Bu isə o deməkdir ki, Azərbaycan, Türkiyə və Rusiya “3+3” formatının qısa müddətə fəaliyyətə başlamasında maraqlıdır. Qeyd edək ki, İran tərəfi də bu formata qoşulmaq istədiyini bildirib. Bu isə yaxın zamanda dəhlizin fəaliyyətə başlayacağını ehtimal etməyə əsas verir.
Soçi görüşü dekabrın 14-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli dialoq üçün bir istiqamətdir. Bu, Avropa İttifaqının paytaxtında keçirilməsi planlaşdırılan görüşdə müzakirə ediləcək əsas məsələləri gündəliyə çıxarır. Tərəflər iki həftədən sonra daha nəyi müzakirə edə bilər? Fikrimizcə, həmin toplantıda iştirakçıların və Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyənlərin sayı arta bilər. Bu baxımdan Brüssel görüşünün Soçini təkrarlayacağı ehtimalı az deyil.

Sədrəddin Soltan, “Report” İnformasiya Agentliyi


Tarix: 27-11-2021, 19:11 Oxunub: 353


Bölməyə aid digər xəbərlər