Day, Month 00, Year
00: 00: 00 AM
BMT-də İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş qətnamə qəbul edildi


BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilat adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qətnaməyə 126 BMT üzvü dövləti həmmüəllif qismində qoşulub.
“Kifayət qədər müfəssəl məzmunda olan qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir. Bu vəziyyətin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır:
“COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.
Bütün dövlətlər COVID-19 əleyhinə peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur”.
Bildirilib ki, BMT Baş katibinə Baş Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsi tapşırılır:
“Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi olub.
Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək qətnamə layihəsinə dəstək verən və ona həmmüəlliflik edən bütün dövlətlərə öz minnətdarlığını bildirir”.


Tarix: 19-11-2021, 09:54 Oxunub: 144


Bölməyə aid digər xəbərlər