Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya XİN: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının tezliklə başlanılması vacibdir”


“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata və bunun nəticəsi olaraq Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında razılaşmaya ümumilikdə riayət olunur”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
Bildirilir ki, Rusiya Federasiyası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməkdə davam edəcək.
“Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsinə dair geniş spektrli məsələlər üzrə bütün səviyyələrdə təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcəyik. Biz həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq”, - bəyanatda deyilir.
Bəyanatda həmçinin qeyd olunur ki, Rusiya Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıdır.
“Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə tezliklə başlanılmasının vacibliyini qeyd edirik. Biz bütün lazımi məsləhətləri verməyə hazırıq”, – Rusiya XİN vurğulayıb.


Tarix: 9-11-2021, 14:30 Oxunub: 102


Bölməyə aid digər xəbərlər