Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan Sənaye Korporasiyasının bəzi müəssisə və obyektləri özəlləşdirilməyə çıxarıldı - SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə qərara alınıb.
Sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri və balansında olan obyektlər özəlləşdirilməyə açıq elan ediliblər:
- bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;
- siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri.
Müəyyən edilib ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:
- özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;
- özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
İqtisadiyyat Nazirliyi müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirməlidir.
Nazirlik özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Cəmiyyət isə müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələrinin siyahısı:
1. “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;
2. “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;
3. “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;
4. “ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;
5. “ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;
6. “ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;
7. “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.


Tarix: 29-10-2021, 12:44 Oxunub: 440


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı