Day, Month 00, Year
00: 00: 00 AM
“Maviləşən” Ermənistan ordusu


44 günlük İkinci Qarabağ müharibəsi işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə yanaşı, ermənilərin otuz ildir öyündükləri “məğlubedilməz ordu” mifini də alt-üst etmiş oldu. İllər uzunu ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünür, hədələyici bəyanatlar verirdilər.
Ermənilər çoxsaylı miflər uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və bu torpaqları əbədi işğal altında saxlaya biləcəklər. Lakin cəmisi 44 gün ərzində Azərbaycan Ordusu bu mifi dağıtmağa müvəffəq oldu. Bu gün də əminliklə deyə bilərik ki, erməni ordusu yoxdur. Amma bu gün də utanmadan revanşizmdən dəm vurur, ordunu möhkəmləndirməkdən danışırlar. Bəllidir ki, bu tip bəyanatlar yalnız və yalnız bir məqsədə - cəmiyyətdə hökm sürən pessimizmi aradan qaldırmağa xidmət edir. Təsadüfi deyil ki, seçkilərdə yenidən qələbə qazanan baş nazir indi ordunu dirçəltmək üçün islahatlardan danışır.
Bu barədə “Kaspi” qazetində məqalə dərc olunub. 
Peşəkar ordu quruculuğundan dəm vuran baş nazir orduya qadınları cəlb etməyə start verib. Baş nazir bildirib ki, qadınlar daha geniş miqyasda döyüş bölmələrində xidmətə cəlb olunmalıdır. Parlamentdə beşillik proqramı təqdim edərkən bunun ordu islahatları ilə bağlı olduğunu bildirib. Paşinyanın sözlərinə görə, bunu Ermənistanın demoqrafik vəziyyəti tələb edir, çünki statistikaya əsasən, qadınlar ölkə əhalisinin böyük hissəsini təşkil edir.
“Bu o demək deyil ki, orduda kişi olduğu qədər də qadın olmalıdır. Sözüm mövcud potensialın mümkün qədər səmərəli istifadə edilməsindədir və bu potensial hələ aşkar edilməlidir”, - deyə baş nazir bildirib.
Baş nazir ordu quruculuğundan dəm vurur, populist bəyanatlar səsləndirir, amma mövcud durumdan xəbəri yoxdur. Halbuki, orduda hər gün “dedovşina”, zorakılıq, fərarilik halları qeydə alınır. Hərbi məğlubiyyətdən sonra yaşadığı fiaskonun qisasını erməni əsgərləri sanki bir-birindən almağa başlayıb. Ermənistan İstintaq Komitəsi artıq ordudakı “dedovşina”, zorakılıqla bağlı faktların çoxluğu qarşısında aciz qalıb. Konkret bir misal vəziyyətin necə ağır olduğunu göstərir. Söhbət üç hərbçinin ölümü ilə əlaqədar faktdan gedir. Bu, erməni ordusunun necə bir rəzil durumda olduğunu göstərir. Həmin faktla bağlı döyüş postunun komandiri saxlanılıb. Məlumata görə, Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrdən birindəki döyüş postunda əsgərlər Qor Artakoviç Saakyan, Leon Rafaeloviç Harutyunyan və Murad Aşotoviç Muradyan öldürülüb. Elə həmin gün üç nəfəri qətlə yetirməkdə şübhəli bilinən A.X.-ya qarşı ittiham irəli sürülüb və o həbs edilib. Araşdırma zamanı döyüş postunun komandirinin hadisədə əli olduğu müəyyən edilib. O, hərbçiləri qətlə təhrik etməkdə, habelə başqa hərbçiyə qarşı zorakı cinsi hərəkətlərdə şübhəli bilinərək saxlanılıb.
Hadisə Ermənistanın ictimai-siyasi dairələrində etirazla qarşılanıb. Sosial şəbəkələrdə narazılıq pik həddə çatıb. “Bu nədir edirsiniz? 92-ci ildən bəri orduda belə bir şey olmayıb”, - deyə erməni politoloq Qareqin Petrosyan qeyd edib. “Hetq.am” nəşrinin baş redaktoru Edik Bağdasaryan isə “Facebook” səhifəsində üç erməni hərbi qulluqçunun cəsədinin tapılmasına toxunaraq yazıb:
“Nazirin əmri ilə yeddi əsgər nəzərdə tutulursa, niyə döyüş mövqeyində üç əsgər olub, qalan dörd əsgər haradadır?”.
Erməni ictimai-siyasi xadim Marqarit Yesayan də bildirib ki, Ermənistanda infantisid var, millətin genefondunun başı kəsilir.
“2020-ci il sentyabrın 27-dən bu günə qədər bunlar hələ də hakimiyyətdədirlərsə, deməli, bundan sonra da ölkəmizdə infantisid olacaq, 21 əsrin uşaqları, əsgər yaşına çatmış, orduya getmiş, ancaq hələ də uşaq olan oğlanlar öldürülür”, - deyə o qeyd edib.
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan yazıb ki, nə baş verdiyini anlamır:
“Nə baş verdiyini anlamıram. Bir döyüş mövqeyində üç qurban və hələ də detallar aydınlaşdırılır?”.
Ermənistanın “Respublika Naminə” partiyası bəyanat yayıb ki, ikinci Qarabağ müharibəsindən sonra başlayan Ermənistan dövlətçiliyinin total böhranı açıq-aşkar orduya çatıb və burada birbaşa olaraq dəhşətli təzahürlərlə üzə çıxır. “Ədalətli Ermənistan” partiyasının rəhbəri, vəkil Norayr Norikyan üç erməni hərbi qulluqçunun cəsədinin tapılmasına toxunaraq bildirib ki, birbaşa olaraq obyektiv istintaq aparılmalıdır. “İllər ərzində heç kim məsuliyyətə cəlb olunmayıb, çox insanlar məsuliyyətdən qaçıblar və heç bir rəhbər heyətin rütbələri qoparılmayıb. Yəni illər ərzində davamlı olaraq kök salmış total bir “xəstə fenomenlər”lə işimiz var, nəticədə uşaqlarımızın həyatı itirilir”, - deyə o qeyd edib. Erməni hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, döyüş mövqeyində baş verənlər Ermənistan ordusunda hökm sürən atmosferin nəticəsidir. Sakunts deyib ki, siyasi neytrallıq prinsipini pozmuş orduda islahatlara nail olmaq mümkün deyil. Əlavə edib ki, 44 günlük müharibədən sonra Ermənistan ordusunun bərpası artıq həyati əhəmiyyətə malikdir.
“Üç əsgərimizi kimin öldürdüyünü bilmirəm. Lakin mənim və klubumuzun beş vilayətdə apardığı araşdırmalara görə, 1994-2014-cü illərdəki “dinc” vaxtlarda orduda 500-dən artıq qurbanımız olub və onlardan 18 faizi diversiya, başqa atəşkəs pozuntuları səbəbindən idi”. Bunu da erməni siyasi-ictimai xadim Levon Barseğyan yazıb.
“Əgər bu diversiya idisə, komandanlığın, yumşaq dildə desək, bu qədər ağır dərsdən sonra yatdığının sübutudur, əgər bu, xidmət yoldaşı və ya xidmət yoldaşları tərəfindən davanın, zorakılığın, intiqamın nəticəsidirsə (təxminən 10 il əvvəl də bir hadisə oldu, beş əsgər öldürülmüşdü), deməli, ordu müharibədən əvvəl olduğundan daha pis vəziyyətdədir”, - deyə o qeyd edib.
Erməni politoloq vurğulayıb ki, ordu Ermənistanın üzləşdiyi bütün problemləri təkbaşına həll etmək imkanına sahib olmayıb:
“Bu gün, təbii olaraq, eyni vəziyyətdir. Məğlubiyyətdən sonra daha çətindir, çünki həm cəmiyyətdə, həm də cəmiyyətin bir hissəsi olan orduda ruh düşkünlüyü problemi də var”.
“Ac qalmış hakimiyyət dövründə Ermənistan ordusunda yeni cinayət növləri inkişaf edir”. Bu barədə isə Ermənistanın “Joğovurd” nəşri yazıb.
“Məlum olur ki, müxtəlif hərbi hissələrdə və ya döyüş mövqelərində əsgəri yatmış vəziyyətdə tutanlar onun bu əməlini ört-basdır etmək üçün bir çox hallarda konkret məbləğ, 8-10 min dram tələb edirlər. Hüquq-mühafizə orqanlarında yatmış əsgərlərdən ödənc tələb etmək hallarını istintaq obyektinə çeviriblər”, - deyə nəşr bildirib. Qeyd olunub ki, üstəlik, bunlar geniş şəkildə yayılıb, nəticədə pulu vaxtında verə bilməyənlərin öldürülməsi hallarının sayı artıb.
Qəzet, həmçinin qeyd edir ki, valideynlər postda yatan əsgərlərin şəkillərinin silinməsi üçün pul göndərirlər.


Tarix: 28-08-2021, 11:07 Oxunub: 187


Bölməyə aid digər xəbərlər