Day, Month 00, Year
00: 00: 00 AM
Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri istər iki dövlət, istərsə də ümumilikdə region üçün böyük önəm kəsb edən məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyətə  malikdir.
Nəzərə almaq lazımdır ki, post-münaqişə dövründə Azərbaycanın iqtisadi, siyası və diplomatik gündəliyində duran məsələlərin həlli bölqəmizin gələcək inkişafı üçün yeni səmərəli perspektivlər vəd edir. Əlbəttə ki, Azərbaycanın 44-günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra prioritet məsələ - beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması və qorunmasıdır.
Bu istiqəmətdə Azərbaycan Respublikası ardıcıl olaraq fəaliyyətini həyata keçirir. Ölkə Başçısının Rusiya Federasiyasının Prezidenti ilə görüşü zamanı qeyd etdiyi kimi, “biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik”. Bu mənada mövcud problemlərin beynəlxalq hüquqa əsaslanaraq həll edilməsinin müstəsna əhəmiyyəti var.
Bunların sırasında sərhədlərin delimitasiyası və demarkasıyası xüsusi yer tutur. Burada fundamental hüquqi yanaşma ondan ibarətdir ki, siyasi və hüquqi kollapsa uğrayan Sovet İttifaqının keçmiş respublikalarının inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir. Mövcud halda belə yanaşmanı təsdiq etmək üçün bəzi beynəlxalq-hüquqi sənədlərə istinad etmək kifayətdir.
8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən və 11 dövlət tərəfindən imzalanmış Alma-Ata deklarasiyasının ayrılmaz tərkib hissəsi olan Preambulası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinin” 3-cü maddəsinin 3-cu və 4-cü bəndləri ərazi bütövlüyü və birlik çərçivəsində mövcud olan sərhədlərin töxunulmazlığının tanınması və onlara hörmət edilməsini təsbit edib.
1991-ci il 16 dekabr tarixində Brüssel şəhərində qəbul edilən “Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınmasının Kriteriyaları” adlanan sənəddə bəyan olunmuşdur ki, Avropa İttifaqı və üzv-dövlətlər tərəfindən qeyd edilən yeni dövlətlərin tanınması üzrə ümumi mövqe bütün sərhədlərin toxunulmazlığını rəhbər tutur. Bu mühüm sənədə uyğun olaraq, beynəlxalq birlik tərəfindən tanınmağa iddialı olan dövlətlər bir sıra şərtlərə əməl etməli idilər. Onların sırasında ayrıca olaraq, BMT-nin Nizamnaməsinə riayət edilməsi və hörmətlə yanaşılması, yalnnız tərəflərin razılığı əsasında sülh yolu ilə müəyyən edilən sərhədlərin toxunulmazlığı prinsipinə riayət edilməsi xüsusi olaraq göstərilmişdi.
Azərbaycan Respublikasının Ermənistanla olan dövlət sərhədinin bərpası istiqamətində attığı bütün addımlar beynəlxalq-hüquqa əsaslanır və beynəlxalq təcrübəyə də tamamilə uyğundur. Bu baxımnan qeyd edilən məsələnin həllində Ermənistanın beynəlxalq hüquqi çərçivədən kənara çıxmaması uçun təkçə Azərbaycan deyil, həmçinin beynəlxalq birlik, beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər zəruri səylər göstərməlidirlər.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,
hüquq elmləri doktoru


Tarix: 21-07-2021, 20:39 Oxunub: 231


Bölməyə aid digər xəbərlər