
Rusiya Prezidenti Vladimir Putin “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı Azərbaycanın mövqeyini açıqlayıb.
Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib ki, Moskva layihənin həyata keçirilməsi üçün kredit vəsaiti ayırmağa hazırdır. Onun sözlərinə görə, hazırda əsas məsələ İranın öz üzərinə düşən işləri yerinə yetirməsidir.
Putin xüsusi olaraq vurğulayıb ki, marşrutun mühüm hissəsi Azərbaycan ərazisindən keçməlidir və bu istiqamətdə Bakı ilə fikir ayrılığı yoxdur.
“Marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir. Prezident Əliyevlə təmasdayıq, burada da heç bir problem yoxdur. Azərbaycan bu layihənin həyata keçirilməsinə razıdır və onu perspektivli hesab edir”, – Rusiya Prezidenti bildirib.
“Şimal–Cənub” dəhlizinin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 kilometrdir. Azərbaycan Rusiya sərhədindən İran sərhədinədək dəmir yolu bağlantısını tam təmin edib. Layihənin qərb marşrutunun inkişafı çərçivəsində Azərbaycan, Rusiya və İran arasında əməkdaşlıq davam etdirilir.
Prezident İlham Əliyev də daha əvvəl bildirmişdi ki, “Şimal–Cənub” dəhlizində çatışmayan əsas dəmir yolu hissəsi İran ərazisindədir. Söhbət təxminən 150 kilometr və ya daha artıq hissədən gedir.
Ümumilikdə təxminən 7,2 min kilometrlik “Şimal–Cənub” marşrutu Rusiya, Azərbaycan və İran üzərindən Hindistan istiqamətinə yükdaşımaları sürətləndirmək və Süveyş kanalı üzərindən keçən ənənəvi dəniz marşrutuna alternativ yaratmaq məqsədi daşıyır.







































