Bu sözləri "Sahibkartv.az"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Zirvə Toplantısında bir daha Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub:
“Bu beynəlxalq plarformanın inteqrasiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Bu gün yeni reallıqlar kontekstində kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir. Bu, Zəngəzur dəhlizidir ki, bu dəhliz orta vektor üzrə bütün növ kommunikasiyaların məsəfəsini 300 km qısaltmaqla operativ əlaqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir.

"Onu da xüsusi vurğulayım ki, bu işləri Azərbaycan təkbaşına və öz gücü hesabına həyata keçirir. Bütün bunlar ölkəmizin iqtisadi gücündən də xəbər verir. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın “Böyük Qayıdış” adlandırdığı proqramın icrasına artıq başladığını vurğuladı. Bu istiqamətdə artıq əməli işlər də görülüb. Belə ki, Zəngilan rayonunda "ağıllı kənd" konseptində salınan Ağalı kəndində həyat artıq başlayıb. Kənd sakinlərinin bir hissəsi öz doğma torpaqlarına qayıdıblar".
O, həmçinin qeyd edib ki, bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri azad edilən ərazilərin minalardan təmizlənməsidir:
“Azərbaycan ərazisində bir milyondan çox mina basdıran bir ölkənin bu gün kommunikasiyaların açılmasına mane olması eyni zamanda AQEM ölkələrinin qarşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir”.
Deputat deyib ki, zirvə toplantısında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı keçirilən ikitərəfli görüşlərin hər biri milli təhlükəsizliyimizin və regional təhlükəsizliyin gələcək strateji arxitekturası baxımından olduqca əhəmiyyətli idi.