Day, Month 00, Year
00: 00: 00 AM
“Bir məhsul, iki bazar” mövzusunda Azərbaycan -Türkiyə birgə forumu keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) dəstəyi ilə fevralın 16-da “Bir məhsul, iki bazar: Azərbaycan-Türkiyə qarşılıqlı kooperasiya və ticarət imkanlarının genişləndirilməsi” mövzusunda onlayn forum keçirilib.
Azərbaycan və Türkiyə tərəfindən aidiyyəti qurumların, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən ixracatçı şirkətlərin iştirakı ilə təşkil olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ölkələrimizin həmrəyliyi bütün sahələrdə olduğu kimi iqtisadi-ticarət əlaqələrinin inkişafına da stimul verir. Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bugünkü forumun məqsədi də bu imkanların reallaşdırılması və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməkdir. Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə məhsulların birgə istehsalı, qarşılıqlı satış imkanlarının genişləndirilməsi və KOB-lar arasında kooperasiya üçün geniş imkanların olduğunu, KOBİA və KOSGEB-in bu istiqamətdə KOB subyektlərinə dəstək ola biləcəyini vurğulayıb. Qeyd olunub ki, ölkələrimizin coğrafi mövqeyi və fərqli bazarlarda üstünlükləri bu kooperasiyanı həm də üçüncü bazarlara ixrac üçün səmərəli edə bilər.
KOSGEB rəhbəri Hasan Basri Kurt çıxışında Türkiyənin ticarət əlaqələri və ixrac potensialı barədə məlumat verib, bu sahədə KOB-lara göstərilən dəstək və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbayanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıb və əməkdaşlıq perspektivləri üzrə təkliflər irəli sürüblər.
Onlayn forumun panel müzakirələrində Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, KOBİA-nın, Azərbaycan İnvestisiya Şirkətinin, AZPROMO-nun, TUİB-in, ATİB-in, Tüm Gıda Dış Ticaret Derneğinin (TÜGİDER), Türk Standartları İnstitutunun (TSE), Türkiyənin Beynəlxalq Daşımalar Təşkilatının (UND), “Ziraat Bank Azərbaycan” ASC-nin, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB), “AZEXPORT” ixrac portalının, biznes assosiasiyaların nümayəndələri və iş adamları iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına, qarşılıqlı ticarətdə logistika, gömrük və texniki tənzimləmə məsələlərinə, kiçik və orta biznes subyektlərinin kooperasiya imkanlarına, Azərbaycanın investisiya imkanları və işğaldan azad olunmuş ərazilərin investisiya potensialına dair fikirlərini və təkliflərini bölüşüb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Forumun sonunda Azərbaycan və Türkiyə tərəfindən istehsal olunan məhsulların rəqəmsal nümayişi həyata keçirilib.
  


Tarix: 18-02-2021, 10:25 Oxunub: 217


Bölməyə aid digər xəbərlər