11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
13:07 / 20-11-2024
13:02 / 20-11-2024
12:57 / 20-11-2024
12:45 / 20-11-2024
12:41 / 20-11-2024
11:09 / 20-11-2024
Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı etimada əsaslanan, günü-gündən yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi qənaətbəxşdir. Avropa İttifaqına (Aİ) sədrlik edən Macarıstanın Baş naziri Viktor Orban bu ay Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən sammitində iştirak edib. Sammitdə çıxış edən Baş nazir Türk Dövlətləri Təşkilatını Şərqlə Qərb arasında əməkdaşlığa yardım edən mühüm təşkilat kimi qiymətləndirdiyini bildirib.
Bu mövzu ilə bağlı macar ekspert, Valday Beynəlxalq Diskussiya Klubunun üzvü Qabor Ştir sualları cavablandırıb.
- Viktor Orbanın Azərbaycana səfərinin nəticələrini necə qiymətləndirirsiniz və bu, ikitərəfli iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?
- Orbanın Türk dünyası ilə əməkdaşlığı Macarıstanın həm geosiyasi, həm də iqtisadi imkanlarını genişləndirir. Hər iki istiqamət Avropa İttifaqının siyasətinə mükəmməl uyğun gəlir, çünki Brüssel son vaxtlar kəskin şəkildə Qafqaz regionuna yönəlib. Bu, ilk növbədə, sanksiyalar nəticəsində itirilən Rusiyanın enerji resurslarının əvəzlənməsi ilə bağlıdır. Region Çin və Avropa arasında ticarət yollarının mərkəzlərindən biri kimi Macarıstan üçün də böyük önəm daşıyır. Azərbaycan qazı vacibdir, lakin Macarıstanın Baş nazirinin dəfələrlə qeyd etdiyi kimi, Macarıstan “qaz dostluğu” qurmur, Azərbaycanla qardaşlıq dostluğu qurur. Hazırkı danışıqlarda Orban, həm də Aİ prezidenti kimi regionla milli maraqlar baxımından əlaqələr qurub. Səfərin ən vacib nəticəsi Macarıstanın dünyanın ən böyük təbii qaz yataqlarından birində pay qazanması oldu. Bu, enerji bazarında əhəmiyyətli qiymət dalğalanmalarından və qeyri-müəyyənlikdən qorunma təmin edir. Bu tarixi razılaşma ilə Macarıstanın təchizat təhlükəsizliyi yeni ölçüyə çata bilər. “Şahdəniz” yatağı dünyanın ən böyük təbii qaz yataqlarından biridir. İllik hasilat təxminən 30 milyard kubmetrdir və hasil edilən qazın əhəmiyyətli hissəsi Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatır. Macarıstan tərəfdən MVM dövlət enerji şirkəti Azərbaycan qaz yatağının hasilatın pay bölgüsü sazişində 5 faiz pay alıb.
Azərbaycan Macarıstanın enerji təchizatında son dərəcə mühüm oyunçuya çevrildikdən sonra iki ölkə arasında strateji tərəfdaşlıq Macarıstana böyük rəqabət üstünlüyü və eyni zamanda əhəmiyyətli təhlükəsizlik verir. Lakin sıx əməkdaşlıq ənənəvi enerji mənbələri ilə məhdudlaşmır. Qara dənizin dibi ilə Azərbaycandan Macarıstana və Avropaya yaşıl elektrik enerjisi çatdıracaq nəhəng layihə sürətlənməkdədir. Macarıstan uzun illərdir ki, Azərbaycanla digər sahələrdə də əlaqələri sistemli şəkildə qurur. Nəticədə 120 milyon avroluq kommersiya dövriyyəsi ötən ilin rekordu olub. Bundan əlavə, macar şirkətləri işğaldan azad olunmuş Qarabağda yaşayış məntəqələrini bərpa edəcək. Onu da qeyd edək ki, Macarıstan hökuməti Qarabağ məsələsinə praqmatik yanaşır. Şuşada Viktor Orban Qarabağın qaytarılmasını regionun sabitləşməsi üçün atılan addım kimi qeyd edib.
- Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısında Qarabağ Bəyannaməsi imzalanıb. Bu sənəd Türk Dövlətləri Təşkilatının fəaliyyətinə necə töhfə verəcək? Bu təşkilat bu gün hansı problemlərlə üzləşir?
- Şuşada imzalanan Qarabağ Bəyannaməsi türk sivilizasiyası arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir addımdır. Fikrimcə, bu, enerji və ticarət əlaqələrini daha da yaxınlaşdıracaq, Türk dünyasını bütövlükdə daha da birləşdirəcək. Bu, dünyanın transformasiyası kontekstində çox zəruridir. Türk Dövlətləri Təşkilatına gəlincə, Şərqlə Qərb arasında əməkdaşlığın mühüm sütunlarından biridir. Bu, iqtisadi artım və həyat səviyyəsinin yüksəldilməsi üçün mühüm ilkin şərtdir və sabitlik həm də türk dünyasını geosiyasi mənada gücləndirir. Ticarət yolları və ondan keçən enerji ehtiyatlarına görə regionun sabitliyi Çin və Avropanın maraqlarına uyğundur, lakin ABŞ bunda birbaşa maraqlı deyil. Rəsmi Vaşinqton üçün bu regionda sabitliyi pozmaqla Pekin və Moskvanı təzyiq altında saxlamaq daha vacibdir.
- Enerji sektorunda, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində tərəfdaşlıq bu gün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Macarıstan arasında bu istiqamətdə əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Artıq qeyd etdiyim kimi, enerji sektoru ölkələrimiz arasında əməkdaşlığın bəlkə də ən perspektivli sahəsidir. Bu da təsadüfi deyil, çünki Azərbaycan karbohidrogenlərlə, xüsusən də qazla zəngindir və bu sərvət Rusiya və Qərbin özgələşməsindən sonra ölkənin dəyərini xeyli artırıb. Amma Bakı bərpaolunan enerji layihələrinə də böyük diqqət yetirir ki, bu, əməkdaşlıq üçün daha bir fürsət deməkdir. Azərbaycan Avropaya daha çox qaz ixrac etmək, eləcə də özünün ilk irimiqyaslı bərpaolunan enerji mənbələrini qurmaq istəyir. Bundan əlavə, yaşıl enerji dəhlizinin yaradılması nəzərdə tutulur. Azərbaycan, Gürcüstan, Rumıniya və Bolqarıstanla əməkdaşlıq çərçivəsində Macarıstan da Avropaya böyük həcmdə yaşıl enerji idxal etmək niyyəti haqqında bəyannamə imzalayıb. Bunun üçün iştirakçı ölkələrin enerji şirkətləri müştərək şirkət yaradacaqlar və hər şey yaxşı olarsa, bu marşrut üzrə tədarüklər növbəti onilliyin əvvəlində başlaya bilər. Bunun üçün təbii ki, uzunluğu 1100 kilometrdən çox olan dünyanın ən uzun sualtı kəmərinin tikintisini başa çatdırmaq lazımdır. Bu, həm də onu göstərir ki, Macarıstan-Azərbaycan enerji əməkdaşlığında hələ də mühüm imkanlar mövcuddur.
- Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə TDT-nin üzv dövlətlər arasında mühüm əməkdaşlıq sahəsidir. TDT Azərbaycanın nəqliyyat sektorunun inkişafına, o cümlədən Orta Dəhliz, eləcə də Şimal-Cənub marşrutu inkişafına necə töhfə verə bilər?
- Həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutu regionu geosiyasi, kommersiya və logistika baxımından digər əsas regionlarla birləşdirərək genişləndirdiyi və gücləndirdiyi üçün bu istək yaxınlarda imzalanmış Qarabağ Bəyannaməsi ilə qismən gücləndirilir. Ona görə də Azərbaycan təkcə iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan bu layihələrin inkişafının qalibidir. Rəsmi Bakı ona görə şanslı vəziyyətdədir ki, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının reallaşmasında region dövlətləri ilə yanaşı, Çin, Rusiya və Avropa İttifaqı da maraqlıdır. Ona görə də bu layihələr üçün kapital ayrılacaq.
- Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-dan gözləntiləriniz nədir? Macarıstan Azərbaycana COP29-a uğurla ev sahibliyi etməkdə necə dəstək ola bilər?
- COP29-a ev sahibliyi etmək Azərbaycana öz nailiyyətlərini və iqlim dəyişikliyi məsələləri, eləcə də ekoloji inkişaflarla mübarizədə effektivliyini nümayiş etdirmək üçün əla imkan verir. Bu, ətraf mühitin mühafizəsi fəaliyyətlərinə yeni texnologiyaların cəlb edilməsi də daxil olmaqla, gələcək əməkdaşlığın başlanmasını asanlaşdıra bilər. Bu, həm də o deməkdir ki, yeni birgə layihələrə başlamaq, ən müasir texnologiyalardan istifadə etmək olar. Qarabağdakı inkişaf layihələrinə gəlincə, buradakı bütün inkişafları ekoloji cəhətdən təmiz, davamlı inkişaf və dairəvi iqtisadiyyat prinsiplərindən istifadə etməklə həyata keçirmək tamamilə müdrik fikirdir. Burada hidroenergetika sahəsində təqdim olunan layihələr, günəş elektrik stansiyalarının yaradılması, şübhəsiz ki, gələcəkdir. Əminəm ki, bu, yerli iqtisadiyyata dəstək olacaq. Bu konfrans bir çox layihələrə təkan verə bilər. Çin bu məsələdə mühüm vasitəçilik rolunu oynaya bilər. Macarıstan Azərbaycana enerji səmərəliliyi baxımından kömək edə bilər və Aİ-də bu mövzuya daha çox önəm verəcək. Görüşün Bakıda keçirilməsi isə bu regionda yaşıl layihələrə yeni təkan verə bilər.
Bölməyə aid digər xəbərlər