Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft bazarına YENİ TƏHLÜKƏ

Baxış: 117
Neft bazarına YENİ TƏHLÜKƏ


Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı və Fars körfəzi ətrafında kommersiya gəmilərinə hücumlar yenidən intensivləşib. İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) noyabrın 12-də iki gün ərzində dörd neft tankerinin partlayışlara məruz qaldığını açıqlayıb.

İran tərəfi gəmilərin xəbərdarlıqlara məhəl qoymadığını və dəniz minalarına düşdüyünü iddia edir. Bununla yanaşı, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bölgədə naməlum mərmilərlə tankerlərə hücumlar qeydə alındığını bildirib. Noyabrın 13-də isə İran tərəfi mayeləşdirilmiş təbii qaz daşıyan daha bir tankerin Hörmüz boğazında minaya düşdüyünü açıqlayıb.

Bu hadisələr dünya enerji daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlığı artırır. Nəzərə alsaq ki, dünya neft istehlakının təxminən beşdə biri normal şəraitdə Hörmüz boğazından daşınır, burada yaranan hər hansı ciddi təhlükə qlobal enerji bazarına təsirsiz ötüşməyə bilər.

Bəs tankerlərə hücumların davam etməsi neftin dünya bazarındakı qiymətinə necə təsir göstərəcək? Dəniz daşımalarında fasilələr yaranarsa, enerji ixracatçısı olan Azərbaycan bundan necə təsirlənə bilər? Neft bazarında yeni bahalaşma dalğası gözlənilirmi?

Mövzu ilə bağlı Musavat.com-a şərh verən iqtisadçı Eyyub Kərimli bildirib ki, Hörmüz boğazı vasitəsilə dünya neft istehlakının təxminən 20 faizi daşınır və burada yaranan gərginliklər dünya enerji bazarına mənfi təsir göstərir: “Bu vəziyyət həm qiymətlərin artmasına, həm də logistika, təchizat zəncirlərinin pozulmasına səbəb olur”.

İqtisadçı qeyd edib ki, boğazdan yalnız enerji daşıyıcıları deyil, həm də gübrə və digər ticarət yükləri daşınır: “Bu marşrutda yaranan problemlər ticarət yollarının uzanmasına, daşınma xərclərinin və nəticə etibarilə məhsul qiymətlərinin artmasına gətirib çıxarır. Bu isə öz növbəsində dünyada inflyasiya təhdidini gücləndirir.

Neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft ixracatçısı ölkəsi kimi büdcə gəlirlərinin artmasına müsbət təsir göstərə bilər. Lakin digər tərəfdən, dünyada baş verə biləcək iqtisadi sarsıntılar və qiymət artımları ölkəyə idxal olunan məhsulların, o cümlədən texnologiyaların da bahalaşmasına gətirə bilər. Buna görə də idxaldan asılı olan Azərbaycan iqtisadiyyatı bu proseslərdən ciddi təsirlənməsi mümkündür”.

İqtisadçı vurğulayıb ki, qlobal qeyri-sabitlik və dünya iqtisadiyyatında yarana biləcək mənfi tendensiyalar Azərbaycanın iqtisadiyyatı üçün də müəyyən təhdidlər formalaşdırır.

Xarici ekspertlər də Hörmüz boğazındakı gərginliyin enerji bazarına təsirlərinə diqqət çəkirlər. ABŞ-li iqtisadçı Timoti Snayder hesab edir ki, regionda gəmilərə hücumlar neft qiymətlərinə əlavə təzyiq göstərir. Beynəlxalq analitiklərə görə, hətta diplomatik razılaşma əldə olunsa belə, dəniz daşımalarının əvvəlki səviyyəyə qayıtması vaxt tələb edə bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.