Day, Month 00, Year
00: 00: 00 AM
Dövlət Vergi Xidməti sahibkarları sadələşdirilmiş vahid bəyannamə sistemindən istifadə etməyə çağırır

İyul ayının 1-dən etibarən vergiödəyiciləri cari ilin 2-cü rübü üzrə vergi və sosial sığorta hesabatlarını təqdim edirlər. Prosesin asanlaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu sahədə vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. 

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu tədbirlərdən biri də muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə sisteminin sadələşdirilmiş interfeys formasında ödəyicilərin istifadəsinə verilməsidir. 

Mövzuya aydınlıq gətirən DVX-nin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib: “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə” forması vergiödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinə xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir. Vahid bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Sadələşdirilmiş bəyannamə forması vergiödəyicilərinin uçot-baza və son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən əvvəlcədən doldurulur. Daha sonra vergiödəyicilərinə təqdim edilir. Vergiödəyicisi həmin məlumatlarla razı olduqda, bəyannaməni gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək vergi orqanına göndərir. Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda vergiödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər. 

Vahid bəyannamənin tətbiqini zəruri edən səbəblərdən biri onun mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi çətinliklərin yaranması idi. Belə halların aradan qaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciət etməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsi nəticəsində bu mexanizm tətbiq olunub”.

N.Vahabzadənin sözlərinə görə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsinin tətbiqi vergiödəyicilərinə dəstək məqsədi daşıyır. Üstəlik, bəyannamə vergi orqanları tərəfindən tərtib edilsə də, məlumatları vergiödəyicisi özü təsdiqləyir. Buna görə də qeyri-dəqiqliklərin əks olunması mümkün deyil. Bu sistem beynəlxalq təcrübədə də tətbiq olunur və vergi ödəyən şəxslər tərəfindən innovativ mexanizm kimi qəbul edilir.


Tarix: 9-07-2024, 17:52 Oxunub: 57


Bölməyə aid digər xəbərlər