
Ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Bavariya” – PSJ (0:1) matçı Azərbaycanda heç bir kanal vasitəsilə canlı yayımlanmadı.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcədən “CBC Sport” qarşılaşmanı efirə verəcəyini açıqlasa da, bu baş tutmadı.
Oyunun canlı yayımlanmaması sosial şəbəkələrdə suallara və etirazlara yol açdı. İzləyicilərin əksəriyyəti durumdan narazılığını bildirdi. Maraqlısı budur ki, Çempionlar Liqasının ölkəmizdəki digər yayımçısı “İctimai TV”də oyunu ekranlara gətirmədi.
Məsələ ilə bağlı “CBC Sport” kanalına müraciət etdik. Kanalın baş redaktoru Şəmsəddin Abbasov bildirdi ki, matçdan az əvvəl qəbuledici cihazda yaranan problem oyunun yayımlanmasına mane olub: “Oyun başlamazdan 5-10 dəqiqə öncə qəbuledici yandı. Bütün testlər, digər texniki məsələlər qaydasında idi. Çalışırdıq ki, qəbuledicini düzəldək, amma bacarmadıq. Dedik ki, 2 saat ərzində nə zaman düzəlsə, elə oradan yayıma başlayaq. Amma alınmadı. Bununla bağlı bəyanat yayacağıq”.
Oyun zamanı izləyicilərin bir qismi “İctimai TV”ni də matçı yaylımlamadığına görə günahlandırıb. Kanal isə “Bavariya” – PSJ matçının yayım hüququnun onlarda olmaması barədə açıqlama yayıb: “Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun “İctimai TV”nin efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub. “Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İTV-yə məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə kanal məsuliyyət daşımır”.







































