Day, Month 00, Year
00: 00: 00 AM
İdmançılarımıza şad xəbər: Taekvondoda durğunluq başa çatdı - FOTO

Dünya taekvondosunda durğunluq dövrü başa çatıb.
Sahibkartv.Az xəbər verir ki, Ümumdünya Taekvondo (WT) Şurası 2021-ci ildə ilk növbədənkənar iclasını keçirib və bu il üçün vacib yarışlarla bağlı qərarlar qəbul edib.
İdmançılarımızın iştirak edəcəyi yarışlardan Avropa Olimpiya Təsnifat turnirinin mayda keçirilməsi nəzərdə tutulub. Bu yarış 7-9 may tarixlərində olacaq.
Xatırladaq ki, bu yarış əvvəl ötən ilin aprelində İtaliyanın Milan şəhərində, daha sonra Rusiyanın paytaxtı Moskvada keçirilməli olsa da, pandemiyaya görə baş tutmayıb. Daha sonra bu ilin yanvarında Bolqarıstanın paytaxtı Sofiyada keçirilməli olan yarış yenə təxirə salınıb.
Çinin Usi şəhərində keçirilməli olan taekvondo və para taekvondo üzrə dünya çempionatlarının vaxtı ilin sonuna təyin olunub. Belə ki, həmin yarışlar müvafiq olaraq 12-18 oktyabrda və 21-22 oktyabrda keçiriləcək.
Ümumiyyətlə, fevralın 1-dən etibarən bu ilin təqviminə 72 taekvondo yarışı daxil olunub. Bunlardan 15-i (5-i onlayn olmaqla) WT-nin turnirləri, 10-u multi-idman yarışları (Olimpiada, Universiada və s.), 9-u qitə yarışları və 38-i WT-nin tanıdığı yarışlardır.
Bu il həmçinin qadınların açıq dünya çempionatı, Qran Pri, şəhərlərarası dünya çempionatı və Super İstedad Şousu keçiriləcək.
Qeyd edək ki, WT-nin növbəti iclasının 22-24 aprel tarixlərində Koreyanın paytaxtı Seulda keçirilməsi nəzərdə tutulub. Əgər pandemiyaya görə, tədbiri keçirmək mümkün olmazsa, o zaman iclas aprelin 21-də virtual şəkildə baş tutacaq.




Tarix: 2-02-2021, 15:45 Oxunub: 128


Bölməyə aid digər xəbərlər