Day, Month 00, Year
00: 00: 00 AM
Millimiz üçün tanış rəqiblər

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla A qrupunda mübarizə aparacaq Azərbaycan millisi bu rəqiblərdən 3-ü ilə daha əvvəl qarşılaşıb.
Sahibkartv.az məlumatına görə, yığma indiyədək Portuqaliya ilə 6-dəfə üz-üzə gəlib. Bunların 4-ü Avropa, 2-si isə dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Milli komanda bu görüşlərdən 5-də uduzub, bir qarşılaşmada isə rəqibi ilə bərabərə qalıb.
Yeganə heç-heçə 2000-ci ildəki Avropa çempionatının seçmə mərhələsinin Bakıdakı ev oyununda qeydə alınıb. 1999-cu il sentyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda işıqların sönməsi üzündən ertəsi günə keçirilmiş görüşdə - 1:1 hesablı heç-heçə qeydə alınıb. Azərbaycan yığmasından Zaur Tağızadənin qoluna izatma dəqiqələrində Luiş Fiqu cavab verib.
Yığma tarixindəki ən ağır məğlubiyyətlərdən birini məhz portuqaliyalılardan alıb. Bu, həmin seçmə mərhələnin səfər matçına təsadüf edib - 0:7. AVRO-2008-in seçmə mərhələsində də Portuqaliya ilə yolu kəsişən Azərbaycan millisi hər iki görüşdə (səfərdə 0:3, evdə 0:2) məğlub olub. Yığmanın bu komanda ilə DÇ-2014-ün təsnifat mərhələsindəki görüşləri də uğursuz alınıb - 0:3, 0:2.
Azərbaycan və Serbiya yığmaları bunadək seçmə mərhələdə 4 dəfə rəqib olublar. AVRO-2004-ün təsnifat mərhələsində Podqoritsada həmin vaxt Serbiya və Monteneqro adlandırılan rəqibi ilə 2:2 hesablı heç-heçə edən yığma evdəki görüşdə 2:1 hesablı əzmkar qələbə qazanıb. AVRO-2008-un seçmə mərhələsində səfərdə 0:1 hesabı ilə uduzan Azərbaycan millisi evdə 6 top buraxıb - 1:6. Komandalar 2015-ci ildə Avstriyada yoldaşlıq oyunu keçiriblər. Həmin matç da rəqibin 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Azərbaycan millisi Lüksemburqla da eyni sayda oyun keçirib. Bunların biri yoldaşlıq matçı, 4-ü isə seçmə mərhələ görüşü olub. Yığma 2010-cu ildəki yoxlama oyununda rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Daha sonra DÇ-2014-ün seçmə mərhələsində bu komanda ilə eyni qrupda yer alan Azərbaycan hər iki matçda heç-heçəyə razılaşıb - 0:0, 1:1. Komandalar son olaraq UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə üz-üzə gəliblər. Bakıdakı oyunda 1:2 hesabı ilə məğlub olan yığma səfərdə qolsuz heç-heçə edib.
Azərbaycan yığması İrlandiya ilə nə yoldaşlıq, nə də seçmə mərhələ oyunlarında üz-üzə gəlib.


Tarix: 8-12-2020, 14:18 Oxunub: 128


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı