
“ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub”.
Bunu Omanın xarici işlər naziri Bədr Əl Busəidi “CBS News”un “Face the Nation” proqramına müsahibəsində deyib.
“Sülh razılaşması əlimizdədir”, - son bir ayda Vaşinqton və Tehran arasında keçirilən bir neçə raund danışıqlarda vasitəçilik edən nazir bildirib.
“İran heç vaxt nüvə bombası yaradacaq materiala sahib olmayacağına razılaşıb və bu, böyük nailiyyət hesab olunur. İranın mövcud zənginləşdirilmiş uran ehtiyatları mümkün olan ən aşağı səviyyəyə qədər azaldılacaq, daha sonra yanacağa çevriləcək”, - vasitəçi vurğulayıb.
Əl Busəidi əlavə edib ki, razılaşmanın icrasına nəzarət məqsədilə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə nüvə obyektlərinə tam giriş veriləcək.
“Sıfır yığım, sıfır ehtiyat və tam yoxlama olacaq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, ədalətli və davamlı saziş əldə olunarsa, müəyyən mərhələdə amerikalı müfəttişlərin də prosesə qoşulacağına tam əmindir.
Nazir ABŞ-nin mümkün hərbi zərbələrinin qarşısını almaq üçün kifayət qədər irəliləyiş əldə olunub-olunmadığı sualına “Ümid edirəm ki, belədir” cavabını verib, lakin bəzi texniki detallarla bağlı əlavə vaxta ehtiyac olduğunu qeyd edib. Texniki danışıqların bazar ertəsi Vyanada keçirilməsi planlaşdırılır. Əl Busəidi yaxın günlərdə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə də görüşə biləcəyini bildirib.
ABŞ Prezidenti Donald Tramp isə daha ehtiyatlı mövqe nümayiş etdirib. O, danışıqların tempindən “məmnun olmadığını” deyərək, hələlik İrana qarşı zərbələrə icazə verib-verməyəcəyinə qərar vermədiyini bildirib. Tramp uranın zənginləşdirilməsinin tam dayandırılmasını tələb etdiyini vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə daha əvvəl ölkəsinin dinc nüvə enerjisindən, o cümlədən, zənginləşdirmədən istifadə hüququ olduğunu demişdi.
Xatırladaq ki, İran 2015-ci ildə ABŞ və digər dövlətlərlə imzalanmış nüvə sazişi çərçivəsində zənginləşdirməyə məhdudiyyətlər qoymağa razılaşmışdı. Lakin Tramp ilk prezidentlik müddətində həmin razılaşmadan çıxmışdı.
Son illərdə İran uranı 60 faizə qədər zənginləşdirib. ABŞ kəşfiyyat orqanları isə ötən il İranın 2003-cü ildə dayandırdığı nüvə silahı proqramını bərpa etdiyinə dair sübut olmadığını bildirmişdi. Tehran nüvə silahı hazırlamaq niyyətini davamlı olaraq inkar edir.
Danışıqların əsas mövzusu İranın nüvə proqramıdır. ABŞ Dövlət Katibi Marko Rubio bu həftə İranın ballistik raket proqramını müzakirə etmək istəməməsini “böyük problem” adlandırıb.
Əl Busəidi isə bildirib ki, hazırda əsas prioritet nüvə məsələsinin həllidir, lakin İranın digər mövzuları da müzakirəyə açıq ola biləcəyinə inanır. Onun sözlərinə görə, hər iki tərəf razılaşmaya nail olmağa çox ciddi yanaşır və saziş yaxın vaxtlarda əldə edilə bilər.






























