
07–10 dekabr 2026-cı il tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək "Food Africa 2026" beynəlxalq sərgisində Azərbaycan şirkətləri üçün yeni ixrac və biznes imkanları yaradılır. Africa Azerbaijan Cooperation (AFAZ) tərəfindən sərgidə 36 m²-lik Azərbaycan Milli Pavilyonu təşkil olunacaq.
Sahibkartv.az xəbər verir ki, AFAZ tərəfindən yaradılacaq milli pavilyonda yalnız 6 Azərbaycan şirkətinin iştirak etməsi nəzərdə tutulur. Şirkətlər öz məhsul və xidmətlərini Afrika, Yaxın Şərq və digər regionlardan gələcək minlərlə peşəkar alıcı, idxalçı, distribütor və investor qarşısında nümayiş etdirmək imkanı əldə edəcəklər.
Africa Azerbaijan Cooperation (AFAZ)-ın təsisçisi Rəna Qəfərova bildirib ki, Afrika bazarı Azərbaycan istehsalçıları üçün böyük ixrac potensialına malikdir və "Food Africa 2026" sərgisi bu bazara çıxış üçün ən səmərəli platformalardan biridir.
"Azərbaycan məhsullarının Afrika bazarında tanıdılması və ixrac imkanlarının genişləndirilməsi AFAZ-ın əsas fəaliyyət istiqamətlərindən biridir. Food Africa sərgisi şirkətlərimizə yeni tərəfdaşlar tapmaq, məhsullarını beynəlxalq bazarlarda tanıtmaq və ixrac coğrafiyasını genişləndirmək üçün unikal imkan yaradır. Biz Azərbaycan şirkətlərini bu fürsətdən yararlanmağa dəvət edirik." – deyə Rəna Qəfərova bildirib.
Onun sözlərinə görə, "Food Africa 2026" Afrika və Yaxın Şərqin ən böyük beynəlxalq qida və kənd təsərrüfatı sərgilərindən biridir. Bu il sərgidə 1 200-dən çox iştirakçı şirkətin (exhibitor) və 30 mindən artıq peşəkar ziyarətçinin iştirakı gözlənilir. Sərgidə dünyanın onlarla ölkəsindən istehsalçılar, distribütorlar, idxalçılar, topdansatış şirkətləri, supermarket şəbəkələri və investorlar bir araya gələcək.
AFAZ sərgidə iştirak etmək istəyən Azərbaycan şirkətlərinə iki fərqli format təklif edir:
- Exhibitor (sərgi iştirakçısı) kimi Azərbaycan Milli Pavilyonunda məhsul və xidmətlərini nümayiş etdirmək;
- Biznes nümayəndə heyətinin (delegasiyanın) üzvü və ziyarətçi kimi sərgidə iştirak edərək B2B görüşlər keçirmək, yeni tərəfdaşlarla tanış olmaq və Afrika bazarını yaxından öyrənmək.
AFAZ hər iki iştirak formatı üzrə təşkilati dəstək göstərərək Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışını asanlaşdırmağı hədəfləyir.
Sərgi haqqında
- Sərgi: Food Africa 2026
- Tarix: 07–10 dekabr 2026
- Məkan: Egypt International Exhibition Center (EIEC), Qahirə, Misir
- Azərbaycan Milli Pavilyonu: 36 m²
- Pavilyonda iştirak: Cəmi 6 Azərbaycan şirkəti
- Sərginin miqyası: 1 200+ iştirakçı şirkət (exhibitor), 30 000+ peşəkar ziyarətçi
Ətraflı məlumat və qeydiyyat:
Africa Azerbaijan Cooperation (AFAZ)
📞 +994 55 252 05 50
🌐 www.afazchamber.com







































