
Yayın ən bol məhsul mövsümü hesab olunan iyun ayının son günlərini yaşasaq da, bazarlarda qiymətlər hələ də alıcıları sevindirmir. Əksinə, bir çox meyvə və tərəvəz növlərinin qiyməti yüksək olaraq qalır, bəzi məhsullarda isə bahalaşma müşahidə edilir.
Qiymətlərlə daha yaxından tanış olmaq üçün Musavat.com-un əməkdaşı "8-ci kilometr" bazarında olub:
Müşahidələrimiz göstərdi ki, meyvələrin qiyməti hələ də kifayət qədər yüksəkdir. Ərik ən aşağı qiymətlə 6 manatdan satışa çıxarılır. Gilasın qiyməti 4 manatdan başlayır, ağ gilas isə 4,5-5 manat arasında dəyişir. Keyfiyyətli və iri gilasların qiyməti isə 10-11 manata qədər yüksəlir.
Digər mövsümi meyvələrdə də vəziyyət fərqli deyil. Çiyələyin kilosu 2 manatdan, nektarin 2,5 manatdan, alma və armud isə 2 manatdan başlayan qiymətlərlə alıcılara təklif olunur.
Tərəvəz bazarında isə müəyyən məhsullarda nisbi ucuzlaşma müşahidə edilir. Qarğıdalının qiyməti əvvəlki həftələrlə müqayisədə aşağı düşüb və hazırda bir ədədi 50 qəpiyə satılır. Badımcan topdansatışda 60-70 qəpik, pərakəndə satışda isə 1 manat civarında təklif olunur. Son günlər pomidorun qiymətində də nəzərəçarpacaq ucuzlaşma qeydə alınıb. Belə ki, pomidor topdansatışda 50 qəpikdən, pərakəndə satışda isə 1 manatdan satılır.
Yay süfrələrinin əsas məhsullarından olan qarpız və yemişdə də qiymətlər nisbətən münasib görünür. Hazırda qarpızın kilosu 60-70 qəpik, yemişin kilosu isə 1,40-1,50 manat arasında dəyişir.
Lakin bazarda ən çox diqqət çəkən məqamlardan biri xiyarın qiymətində baş verən bahalaşmadır. Son günlər bu məhsulun qiymətində 50-60 qəpik artım qeydə alınıb. Belə ki, ötən həftə kilosu 1,30-1,50-dən satılan xiyar məhsulu bu gün 2 manatdan satılır. Satıcıların sözlərinə görə, yaxın günlərdə qiymətlər daha da yüksələ bilər.
Mövsümün ən məhsuldar dövründə bazarlarda ucuzluq əvəzinə bahalaşmanın hökm sürməsi alıcıların ciddi narazılığına səbəb olub.
Söhbətləşdiyimiz alıcılar xüsusilə meyvələrin qiymətindən şikayətlənirlər.
Alıcılardan biri deyir:
“Əriyin kilosu ən aşağısı 6 manatdan satılır. Nə qədər alım ki, evdəkilərə çatsın? Gilas isə ümumiyyətlə, çox bahadır. 4 manata satılanların dadı olmur, keyfiyyətli olanlar isə od qiymətinədir. Uşaqlar istəyir, amma istədiyimiz qədər ala bilmirik. Ümid edirik ki, iyul ayında məhsul daha da çoxalar və qiymətlər aşağı düşər”.
Bəs meyvə-tərəvəz niyə ucuzlaşmır? Qiymətlər nə vaxt enəcək və alıcılar bazarlarda gözlədikləri mövsümi ucuzluğu görə biləcəklərmi?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, bu il meyvə-tərəvəz məhsullarının bahalaşmasının bir sıra obyektiv səbəbləri var:
"İlk növbədə hava şəraitinin təsirini qeyd etmək lazımdır. İlin əvvəlindən müşahidə olunan qeyri-sabit və əlverişsiz hava şəraiti bir çox kənd təsərrüfatı məhsullarında məhsuldarlığın azalmasına gətirib çıxarıb. Nəticədə bazara çıxarılan məhsulun həcmi əvvəlki illərlə müqayisədə aşağı düşüb ki, bu da qiymətlərə birbaşa təsir göstərən əsas amillərdən biridir".
Natiq Cəfərlinin fikrincə, qiymət artımını şərtləndirən ikinci mühüm faktor ixracın genişlənməsidir:
"Son dövrlərdə hökumət kənd təsərrüfatı məhsullarının ixracını daha fəal şəkildə təşviq edir və statistika da göstərir ki, xüsusilə Rusiya bazarına Azərbaycan məhsullarının ixracı bu ilin əvvəlindən nəzərəçarpacaq dərəcədə artıb. Təbii ki, ixracın artması daxili bazara da təsirsiz ötüşmür. Mövcud istehsal potensialı həm daxili tələbatı, həm də xarici bazarların ehtiyaclarını eyni vaxtda tam şəkildə qarşılamaq üçün yetərli olmadıqda, daxili bazarda məhsul qıtlığı yaranır. Məhsulun azalması isə qiymətlərin yüksəlməsinə səbəb olur. Başqa sözlə, ixrac həcmi artdıqca daxili bazarda təklif azalır və bu da qiymətlərin bahalaşmasını qaçılmaz edir.
Digər tərəfdən, hava şəraiti ilə bağlı məsələ təkcə təbii amillərlə məhdudlaşmır".
İqtisadçı həmçinin vurğulayıb ki, problem müəyyən mənada dəyişən iqlim şəraitinə uyğun aqrar siyasətin formalaşdırılmamasından da qaynaqlanır:
"İqlim dəyişiklikləri artıq uzun müddətdir müşahidə olunur və kənd təsərrüfatı sektoru bu dəyişikliklərə uyğunlaşdırılmalıdır. Lakin bu istiqamətdə lazımi addımların kifayət qədər atılmaması məhsuldarlığın azalmasına gətirib çıxarır. Nəticədə həm hava şəraitinin təsiri, həm də aqrar siyasətdəki çatışmazlıqlar birləşərək bazarda meyvə-tərəvəz qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olur.
Bundan əlavə, qiymət artımının daha ümumi və sistem xarakterli səbəbləri də mövcuddur. Bu, iqtisadiyyatın bütövlükdə üzləşdiyi inflyasiya prosesləri ilə bağlıdır. Əgər ölkədə ərzaq məhsullarının, ətin, yağın, unun, eləcə də qeyri-ərzaq mallarının, o cümlədən məişət texnikasının, telefonların, televizorların və digər istehlak məhsullarının qiyməti artırsa, kənd təsərrüfatı istehsalçılarının öz məhsullarını əvvəlki qiymətlərlə satmasını gözləmək real deyil. Çünki fermerlər və istehsalçılar da cəmiyyətin digər üzvləri kimi istehlakçıdırlar. Onlar da gündəlik həyatlarında bahalaşmanın təsirini hiss edir, artan xərclərlə üzləşirlər və gəlirlərini həmin xərclərə uyğunlaşdırmağa çalışırlar.
Bu baxımdan meyvə-tərəvəz istehsalçıları da öz məhsullarını daha yüksək qiymətə satmağa çalışırlar ki, artan istehsal və yaşayış xərclərini kompensasiya edə bilsinlər. Ona görə də bu gün bazarlarda müşahidə olunan qiymət artımını yalnız bir və ya iki amillə izah etmək düzgün olmazdı. Burada həm hava şəraitinin məhsuldarlığa təsiri, həm ixracın genişlənməsi, həm də ümumi inflyasiya və iqtisadi sistemdən qaynaqlanan faktorlar eyni vaxtda rol oynayır. Məhz bu amillərin birgə təsiri nəticəsində Azərbaycanda meyvə-tərəvəz məhsullarının qiymətləri yüksək olaraq qalır və istehlakçılar mövsümün qızğın çağında belə gözlədikləri ucuzluğu hiss etmirlər".







































