
Azərbaycanda son illər dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar artıb. Vətəndaşlar bəzi preparatların əvvəlki kimi təsir göstərmədiyini, hətta apteklərdə saxta dərmanların satıldığını iddia edirlər.
Bu barədə Xəzər TV süjet hazırlayıb.
Sakinlər xüsusilə boğaz və diabet dərmanlarının effekt vermədiyini bildiriblər.
"Əvvəl şəkər dərmanları daha çox təsir edirdi. İndi isə elə təsir göstərmir. Yəqin keyfiyyəti aşağıdır", - deyə vətəndaşlardan biri qeyd edib.
Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla bildirib ki, saxta dərmanların aptek şəbəkəsinə daxil olması müxtəlif qanunsuz yollarla həyata keçirilir və bunu ilk baxışdan müəyyən etmək mümkün deyil.
Onun sözlərinə görə, bəzi hallarda dərmanların təsiredici maddəsi azaldılır, nəticədə preparat daha ucuz başa gəlir və satışa çıxarılır.
Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, saxta dərmanların qarşısını almaq üçün dərman vasitələrinin təqib və izləmə sistemi yaradılıb.
Qeyd olunub ki, sistem vasitəsilə hər bir dərmana xüsusi unikal kod verilir və preparatın istehsaldan son istehlakçıya qədər bütün hərəkəti izlənilir.
Mərkəzdən verilən məlumata görə, yaxın gələcəkdə istifadəyə veriləcək mobil tətbiq vasitəsilə vətəndaşlar dərmanın üzərindəki "data matrix" kodunu skan edərək onun saxta olub-olmadığını yoxlaya biləcəklər.
Bildirilib ki, tətbiqdən istifadə üçün xüsusi texniki bilik tələb olunmur.







































