Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya

Baxış: 108
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya


Azərbaycan xalqının dövlətçilik tarixində 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiya xüsusi yer tutur. Bu sənəd müstəqil Azərbaycanın yalnız hüquqi əsaslarını müəyyənləşdirmədi, həm də müasir dövlət quruculuğunun əsas istiqamətlərini, xalqın suveren iradəsini, insan hüquq və azadlıqlarının təminatını, dövlət hakimiyyətinin təşkilini və cəmiyyətin inkişaf prinsiplərini vahid hüquqi sistemdə birləşdirdi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyası onun dövlətçilik fəlsəfəsinin, siyasi uzaqgörənliyinin və müstəqil Azərbaycanın gələcəyinə hesablanmış strateji baxışının ən mühüm təzahürlərindən biridir. 1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi-siyasi şəraitlə üz-üzə idi. Dövlət müstəqilliyinin qorunması, ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması və hüquqi sistemin yenidən qurulması həyati əhəmiyyət daşıyırdı. Belə bir dövrdə müstəqil Azərbaycanın gələcək inkişafını müəyyənləşdirəcək fundamental hüquqi sənədin hazırlanması zərurətə çevrilmişdi. Heydər Əliyev bu tarixi vəzifənin əhəmiyyətini düzgün müəyyənləşdirərək Konstitusiyanın hazırlanması prosesinə bilavasitə rəhbərlik etdi.

1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Heydər Əliyevin sədrliyi altında Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı, iyunun 5-də isə komissiyanın ilk iclası keçirildi. Layihənin hazırlanması zamanı Azərbaycanın dövlətçilik ənənələri, müstəqilliyin yaratdığı yeni reallıqlar, beynəlxalq hüququn müasir prinsipləri və demokratik dövlət quruculuğunun tələbləri əsas götürüldü. Məqsəd yalnız qanunvericilik normalarını bir sənəddə toplamaq deyil, müstəqil dövlətin uzunmüddətli inkişafını təmin edəcək möhkəm hüquqi təməl yaratmaq idi. Noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən, noyabrın 27-də qüvvəyə minən Konstitusiya Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu, dövlət müstəqilliyinin hüquqi baxımdan möhkəmləndirilməsi, idarəçilik sisteminin formalaşdırılması və qanunvericiliyin vahid prinsiplər əsasında inkişafı istiqamətində atılmış fundamental addım idi. Bununla, Azərbaycan müstəqil dövlət kimi özünün ali hüquqi sənədini qəbul edərək gələcək inkişafının konstitusion əsaslarını müəyyənləşdirdi. Azərbaycan Konstitusiyasının əsas üstünlüklərindən biri onun müasir dövlət quruculuğunun fundamental prinsiplərini sistemli şəkildə əks etdirməsidir. Əsas Qanuna görə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bu prinsiplər ölkənin siyasi və hüquqi inkişaf modelini müəyyən etməklə yanaşı, dövlət hakimiyyətinin təşkili, cəmiyyətin idarə olunması və vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsi üçün möhkəm çərçivə yaradır.

Konstitusiyanın birinci maddəsində Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olduğu təsbit edilib. Bu müddəa dövlətçiliyimizin əsas fəlsəfəsini ifadə edir. Xalqın suverenliyi, hakimiyyətin legitimliyi və dövlət idarəçiliyində vətəndaşların iştirakı məhz bu prinsipə əsaslanır. Eyni zamanda, Konstitusiyada hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi dövlət idarəçiliyində səlahiyyətlərin hüquqi bölgüsünü müəyyənləşdirir.

Ana Qanunun qanunvericilik sistemindəki müstəsna mövqeyi isə onun 147-ci maddəsində açıq şəkildə ifadə olunub. Həmin maddəyə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir, birbaşa hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir. Bu, o deməkdir ki, ölkədə qəbul edilən bütün qanunlar və digər normativ hüquqi aktlar Konstitusiyanın müəyyən etdiyi prinsiplərə uyğun olmalıdır. Mülki, cinayət, inzibati, əmək, seçki və digər hüquq sahələrinin qanunvericilik bazası məhz bu ali sənədin yaratdığı hüquqi çərçivə daxilində formalaşır. Konstitusiyanın əhəmiyyəti onun yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləməsi ilə məhdudlaşmır. Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi müəyyən edilib. Yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət, əmək, təhsil, sosial təminat, söz və fikir azadlığı kimi fundamental hüquqların konstitusion səviyyədə təsbit olunması Azərbaycan dövlətinin insana və vətəndaşa verdiyi hüquqi təminatların mahiyyətini göstərir. İnsan hüquqlarının müdafiəsi, qanun qarşısında bərabərlik və hüquqi dövlət prinsipləri müasir cəmiyyətin inkişafı üçün əsas şərtlərdir. Bu baxımdan Konstitusiya dövlətlə vətəndaş arasında münasibətləri müəyyən edən ali hüquqi sənəd olmaqla yanaşı, qanunçuluğun, ədalətin və hüquqi sabitliyin əsas təminatıdır. Onun müddəaları dövlət orqanlarının səlahiyyət hədlərini müəyyən edir, hüquqi münasibətlərin tənzimlənməsinə istiqamət verir və qanunvericilik sisteminin bütövlüyünü qoruyur. Konstitusiyanın birbaşa hüquqi qüvvəyə malik olması isə onun yalnız siyasi və ideoloji əhəmiyyət daşımadığını, real hüquqi münasibətlərdə tətbiq edilən fundamental sənəd olduğunu təsdiqləyir.

Azərbaycan Konstitusiyasının mühüm xüsusiyyətlərindən biri də zamanın tələblərinə uyğun inkişaf imkanlarına malik olmasıdır. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar vasitəsilə Əsas Qanuna dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklər dövlət idarəçiliyinin, hüquqi münasibətlərin və ictimai həyatın inkişaf edən tələblərinin konstitusion çərçivədə nəzərə alınmasına xidmət edib. Bununla belə, Konstitusiyanın əsas prinsipləri – dövlət suverenliyi, xalq hakimiyyəti, hüququn aliliyi və insan hüquqlarının qorunması Azərbaycan dövlətçiliyinin dəyişməz dayaqları olaraq qalır. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Konstitusiyanın müəyyən etdiyi müstəqil dövlətçilik ideallarının tarixi reallaşmasının mühüm göstəricisidir. Güclü dövlət quruculuğu, milli maraqların qorunması, müstəqil siyasət yürüdülməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi hüquqi əsasları möhkəm olan dövlət modelinin əhəmiyyətini bir daha nümayiş etdirir. Konstitusiya bu modelin hüquqi dayağı, dövlətin fəaliyyət istiqamətlərini müəyyənləşdirən ali sənəd olaraq öz tarixi missiyasını davam etdirir.

Ümummilli Lider Heydər Əliyevin bu prosesdəki xidmətləri xüsusi vurğulanmalıdır. Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya müstəqil Azərbaycanın dövlətçilik təməllərini möhkəmləndirdi, hüquqi sistemin inkişafına istiqamət verdi və gələcək nəsillər üçün mühüm siyasi-hüquqi irs yaratdı. Heydər Əliyev dövlətin möhkəmliyini yalnız siyasi idarəçilikdə deyil, qanunun aliliyinə söykənən hüquqi sistemdə görürdü. 1995-ci ildə qəbul edilən Əsas Qanun da məhz bu yanaşmanın nəticəsi kimi Azərbaycan tarixində özünəməxsus yer qazandı.

12 Noyabr-Konstitusiya Günü müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını, xalqımızın suveren iradəsini və Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki tarixi xidmətlərini ehtiramla xatırladığımız əlamətdar gündür. Azərbaycan Konstitusiyası bu gün də dövlətin qanunvericilik sisteminin əsasını, müasir idarəçilik modelinin hüquqi çərçivəsini və milli dövlətçiliyimizin fundamental dayaqlarını təşkil edir. Onun müəyyən etdiyi prinsiplərin qorunması və ardıcıl həyata keçirilməsi güclü, müstəqil və hüquqi Azərbaycan dövlətinin gələcək inkişafına xidmət edən ən mühüm amillərdəndir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.