Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılacaq

Baxış: 144
Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılacaq


“Hazırda tətbiq etdiyimiz “Rəqəmsal məktəb” platformasında yaxın gələcəkdə şagird və müəllimlərə dəstək məqsədilə iki süni intellekt agenti istifadəyə veriləcək”.

“Bu fikirləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “CBC Azərbaycan” kanalında yayımlanan “Davamlılıq və inkişaf" verilişində səsləndirib.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin bütün fəaliyyəti şagirdləri onların gələcək peşə fəaliyyətlərinə hazırlamağa yönəlib:

“Bu gün artıq elə bir sahə yoxdur ki, o sahəni, o cümlədən təhsili süni intellektsiz təsəvvür etmək mümkün olsun. Yaxın gələcəkdə süni intellekt bir çox peşələri əvəz edəcək. Əslində, bu işləri süni intellektin özü yox, onu mənimsəmiş insanlar görəcəklər. Ona görə də çox vacibdir ki, şagirdlərimiz və tələbələrimiz təhsilin müxtəlif pillələrində yeni texnologiyalardan, o cümlədən süni intellektdən istifadə etməyi bacarsınlar”.

İdarə rəisi qeyd edib ki, istifadəyə veriləcək süni intellekt agentində məzmun yalnız tədris məqsədləri üçün filtrasiya ediləcək:

“Süni intellekt agentləri öz funksiyasını anlayaraq şagirdlərə məktəbdə tam başa düşmədikləri və ya natamam mənimsədikləri mövzuları izah etmək üçün fəaliyyət göstərəcək. Digər süni intellekt agenti isə müəllimlərə kömək məqsədilə hazırlanır. İstəyirik ki, müəllimlər vaxtlarının daha çox hissəsini kağız üzərində hesabat və sənədləşmə işlərinə deyil, dərsin izahına, mövzunun tədrisinə sərf etsinlər. Buna görə də müəllimlərin apardığı çoxsaylı hesabat və sənədləşmə işləri avtomatlaşdırılacaq və bu agentin əsas vəzifəsi də müəllimlərə dəstək göstərmək olacaq”.

V. Xanlarov həmçinin söyləyib ki, valideynlər üçün də süni intellekt elementləri olan müxtəlif mobil həllər üzərində iş aparılır.(qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.