Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev Roma Papasını təbrik edib

Baxış: 180
İlham Əliyev Roma Papasını təbrik edib


Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.

Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır. Bakı şəhərində yeni katolik kilsəsinin təməlinin qoyulması ölkəmizdə dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin növbəti əyani nümunəsidir.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış səmərəli əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Fondun dəstəyi ilə Vatikanda aparılan bərpa işləri mədəniyyətlərarası dialoqa, dini və mədəni irsin qorunub saxlanmasına töhfə verməklə yanaşı Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin göstəricisidir.

Zati-müqəddəsləri,

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoqun və əməkdaşlığın inkişafına Sizin töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın təşviqi naminə bundan sonra da möhkəmlənəcək və daha da dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali və müqəddəs missiyanızda daim uğurlar diləyirəm".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.