
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (#AQSİA) təşkilatın fəaliyyət istiqamətləri, strateji məqsədləri və gələcək planları ilə bağlı rəsmi görüş keçirilib. Tədbirdə əməkdaşlar, üzvlər və təşkilatın fəal iştirakçıları iştirak edib.
Sahibkartv.az xəbər verir ki, Görüş zamanı AQSİA-nın qadın sahibkarların bilik və bacarıqlarının artırılması, biznes mühitinə inteqrasiyasının gücləndirilməsi və institusional inkişafın dəstəklənməsi istiqamətində həyata keçirdiyi layihələr və təlim proqramları müzakirə olunub. Eyni zamanda, qarşıdakı dövr üçün planlaşdırılan yeni layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Tədbirin əsas hissəsi kimi İdarə Heyətinin formalaşdırılması məqsədilə şəffaf və demokratik prinsiplərə əsaslanan seçki prosesi keçirilib. Seçkilərdə üzvlər fəal iştirak edərək gələcək dövrdə idarəetmədə təmsil olunacaq namizədlərə səs veriblər. Nəticədə 15 üzv İdarə Heyətinə seçilib, onlardan 4 nəfəri sədr müavini və 1 nəfər TNK vəzifələrinə təyin olunub.
Tədbir çərçivəsində həmçinin təşkilatın fəaliyyətində xüsusi fəallıq göstərən üzvlər mükafatlandırılıb, hər birinə təşəkkür nişanı və döş nişanı təqdim olunub. Görüş xatirə fotosu ilə yekunlaşıb və bu an AQSİA-nın birgə əməkdaşlıq, həmrəylik və qarşılıqlı dəstək dəyərlərinin simvolu kimi yadda qalıb.
AQSİA bundan sonra da qadın sahibkarlığının inkişafına töhfə verən təşəbbüsləri genişləndirməyi və yerli, həmçinin beynəlxalq tərəfdaşlıqları gücləndirməyi davam etdirəcək.

















































