Day, Month 00, Year
00: 00: 00 AM
Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1900-ə yaxın əməkdaş treninqlərdə cəlb edilib

Avqustun 12-dən etibarən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 1 saylı Şərur - Sədərək, 2 saylı Şərur - Kəngərli, 3 saylı Babək - Şahbuz -Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək - Naxçıvan – Culfa və 6 saylı Ordubad – Culfa seçki dairələrində məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlərə start verilib. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlıq səviyyəsinin artırılmasıdır.

 Naxçıvan bürosu xəbər verir ki, treninqlərdə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və digər məsələlərlə bağlı ətraflı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilib. Diskussiya şəklində təşkil olunan treninqlərdə məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılır. 

1 saylı Şərur - Sədərək seçki dairəsinin sədri Niyaz Əsgərovun verdiyi məlumata görə, avqustun 16-dək keçiriləcək treninqlərdə dairə üzrə 50 məntəqədən 300 əməkdaş iştirak edəcək. Treninqlərin gedişini xarici müşahidəçilər də izləyirlər. 1 saylı Şərur - Sədərək seçki dairəsi üzrə 47 min 791 seçici qeydə alınıb ki, onlardan 590-nı ilk dəfə səs verəcək. Ən yaşlı seçicilər Şərur rayonunun Yengicə kənd sakini, 1925-ci il təvəllüdlü Sura Musayeva və Alışar kəndindən olan Tərlan İbrahimovadır. Dairənin 12, 15, 17, 21 və 36 saylı məntəqələrində veb-kameraların quraşdırılması nəzərdə tutulub. Dairə üzrə növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa 6 namizəd qeydə alınıb.

3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin sədri Taməddin Hüseynov bildirib ki, dairə əməkdaşları Nazim Piriyev və Nicad Fətullayev tərəfindən 1 gün ərzində iki dəfə olmaqla 5 gün keçiriləcək treninqlərdə 60 məntəqədən 360 əməkdaş iştirak edəcək. Dairə üzrə 46 min 174 seçici qeydə alınıb ki, onlardan 701-i ilk dəfə səs verəcək, 1, 2, 3, 20, 23, 37 və 40 saylı məntəqələrdə veb-kameraların quraşdırılması nəzərdə tutulub. Dairədə deputatlığa 8 namizəd qeydə alınıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 1 saylı Şərur - Sədərək seçki dairəsi üzrə 300, 2 saylı Şərur - Kəngərli seçki dairəsindən 342, 3 saylı Babək - Şahbuz -Kəngərli seçki dairəsi üzrə 360, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən 252, 5 saylı Babək - Naxçıvan – Culfa seçki dairəsi üzrə 267, 6 saylı Ordubad – Culfa seçki dairəsindən 378 olmaqla, ümumilikdə 1899 əməkdaş treninqlərdə iştirak edəcək.


Tarix: 14-08-2024, 17:06 Oxunub: 54


Bölməyə aid digər xəbərlər