"Sahibkartv.az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova Sumqayıt-Yalama stansiyasına təşkil olunmuş media-tur zamanı deyib.
Onun sözlərinə görə, Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan "Şimal-Cənub" dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur: "Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km təşkil edir. İkixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir".
S. Nəzərova bildirib ki, bugünədək yolun 200 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb, 174 km dəmir yolu ilkin hərəkətə açılıb, 95 körpü, 225 dairəvi suötürücü boru, 13 ədəd heyvan keçidi və 7 ədəd yerüstü piyada keçidi inşa edilib.

Qeyd edək ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. "Şimal-Cənub" Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, "Şimal-Cənub" Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.