Day, Month 00, Year
00: 00: 00 AM
Aylıq 66 manatı ödəmədən Bakıda taksi fəaliyyəti ilə məşğul olanların qarşısı alınacaq

Avtomobil nəqliyyatı sahəsində də son dövrlər qeyri-formal məşğulluğun qarşısının alınmasına dair nəzarət tədbirləri həyata keçirilir. 

Sahibkartv.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib.

Xidmətin rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Həmin Qanunun 14.6-1-ci maddəsinə əsasən, 14.5.1.1-10-cu maddədə göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilməlidir.

Nigar Vahabzadə nümunələr də təqdim edib:

Nümunə 1. Vergi ödəyicisi Bakı şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:

Vergi məbləği: 9x2=18 manat

MDSS haqqı: (300x6%)x2=36 manat

İTS haqqı: 300x4%=12 manat.

Nümunə 2. Vergi ödəyicisi rayonda fərdi qaydada 5 tonluq nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:

Vergi məbləği: 5x1x1=5 manat

MDSS haqqı: (300*6%)x1=18 manat

İTS haqqı: 300x4%=12 manat.


Tarix: 19-11-2022, 10:23 Oxunub: 123


Bölməyə aid digər xəbərlər