Day, Month 00, Year
00: 00: 00 AM
Sahibkarlıq subyektləri üçün elektron xidmətlərin təşkili

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilməkdədir. Sahibkarlar həmin xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə “www.economy.gov.az”, “www.lisenziya.gov.az” və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.
Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir. Nazirliyə daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.
Eyni zamanda istifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 24 fəaliyyət növü üzrə lisenziyaların və lisenziya əlavələrinin alınması və yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər. 13 may 2020-ci il tarixindən portalın 2-ci versiyası istifadəyə verilmişdir. Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda seçilən lisenziyaya uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda, seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.
“Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçi müraciətin icra prosesini izləyir və lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir, lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.
Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən
hazırlanan və ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir.
Belə ki, dövlət zəmanəti verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və biznes planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit (200 000 manatdan artıq) üzrə isə 10 iş günü ərzində baxılır. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə imtina verilərsə, səbəb kimi qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra sahibkarın həmin və ya digər müvəkkil bank vasitəsi ilə yenidən müraciət etmək hüququ vardır.
Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaqdır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli 606 nömrəli Fərmanı ilə cari ilin aprel ayının 18-dən etibarən daşınmaz əmlaka dair çıxarışların yalnız elektron qaydada verilməsinə başlanmışdır. Bununla da mülkiyyətə dair çıxarışların kağız formada verilməsi prosesi tamamilə aradan qaldırılmışdır.
Dəyişikliyə əsasən elektron çıxarışlar “Elektron Hökumət” portalı vasitəsi ilə təqdim olunur. Çıxarışların elektron şəkildə verilməsinin əsas məqsədi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və optimallığı artırmaqdır. Çıxarışların elektron imzalanma prosesinin təmin edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə elektron imza servislərinin əlaqəli inteqrasiyası həyata keçirilmişdir.
“Elektron çıxarışın əldə edilməsi” elektron xidmətinin yeni funksionallığı təkmilləşdirilmiş, elektron çıxarışın alınması zamanı müraciətçilərə elektron poçt ilə bildiriş və SMS göndərilməsi imkanları təmin edilmiş, “Elektron çıxarışın yoxlanılması” elektron xidməti optimallaşdırılmışdır. İstifadəçilərin elektron çıxarış məlumatlarını daha rahat yoxlamaq imkanlarını artırmaq məqsədi ilə elektron çıxarışlara QR kod əlavə edilmişdir.
Eyni zamanda elektron çıxarış sistemi öz növbəsində kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı riskləri aradan qaldırır, kağız çıxarışın başqa şəxslər tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.
Respublika üzrə aparılmış torpaqların elektron uçotunun nəticələri ilə bağlı məlumatların hər bir ərazi üzrə istifadəçilərə həm ödənişsiz, həm də ödənişli əsaslarla təqdim olunması məqsədi ilə “Kadastr portalı”nın yaradılması ilə bağlı işlər davam etdirilməkdədir. Qeyd edilən portal üçün tələb olunan server infrastrukturu və proqram təminatı qurulmuş və sistemin test edilməsi üçün texniki imkanlar yaradılmışdır. Belə ki, portalın funksionallığı yoxlanılmış və portal üçün tələb olunan xəritə veb servisləri hazırlanmışdır.
Həmçinin vətəndaşlara və hüquqi şəxslərə göstəriləcək ödənişli xidmətlər çərçivəsində həmin vəsaitin təmin edilməsi üçün “Lisenziyalar və icazələr” portalı “ASAN ödəniş” sistemi (www.asanpay.az) ilə inteqrasiya edilmiş, “Kadastr portalı”nın inteqrasiyası isə əlaqədar işlər davam etməkdədir.
Daşınmaz əmlak obyektləri ilə bağlı Ünvan Reyestri İnformasiya Sistemində toplanmış ünvan məlumatlarının veb xəritə üzərindən digər tərəflərə çatdırılmasını və eyni zamanda hər hansı bir ünvan haqqında dəqiq məlumatın əldə edilə bilməsini təmin etmək üçün yaradılmış Ünvan portalının (www.unvanportali.az) funksionallığı inkişaf etdirilmiş və Azərbaycan Respublikasının veb xəritəsi hazırlanaraq sözügedən portala əlavə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulmuşdur.
Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əmək haqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülür.
Vəsaitlərin ödənilməsi məqsədilə bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndərilir. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq müraciət formasını elektron qaydada doldurur.
Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əmək haqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır, sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.
Vergi Məcəlləsinə əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilmiş, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilmişdir. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. ƏDV-nin geri qaytarılması prosesi “edvgerial.az” portalı vasitəsilə həyata keçirilir. Portala daxil edilən ƏDV məbləği elektron kabinet yaradılan zaman aktiv olan virtual “pul qabı”na yerləşdirilir. Həmin vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirməklə yanaşı ölkədaxili bank kartlarına köçürmələr də etmək mümkündür.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində qeyd edilən portala müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin
üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. 2020-ci ilin I yarımilliyi ərzində İqtisadiyyat Nazirliyinin elektron xidmətlərindən 2 966 mindən çox istifadə qeydə alınmışdır.


Tarix: 30-11-2020, 12:42 Oxunub: 200


Bölməyə aid digər xəbərlər