
Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsindəki hesabında Azərbaycana səfərinin yekunlarına dair etdiyi paylaşım edib. O, Türkiyənin qlobal problemlər və regional proseslər qarşısında hər zaman əməkdaşlıq və həmrəylik içində olduğu qardaş və müttəfiq Azərbaycana mühüm səfər həyata keçirdiyini qeyd edib.
Hakan Fidan bir çox problemin yaşandığı bölgədə Türkiyə və Azərbaycanın iki sabitlik adası olduğunu vurğulayıb. O, həmçinin Türkiyənin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, ortaq hədəflər naminə çiyin-çiyinə irəliləməyə davam edəcəyini bir daha diqqətə çatdırıb. Fidanın iki qardaş dövləti sabitlik adası adlandırması diqqət çəkən ifadədir. Tam əminliklə deyə bilərik ki, qlobal miqyasda hökm sürən mürəkkəb təbəddülatlar durumunda ölkəmizdə ictimai-siyasi sabitliyin saxlanılması, bilavasitə Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Türkiyəli nazir Bakıda "sabitlik adası" deməklə hansı mesajı verib? İki türk ölkəsinə nə kimi kənar təhdidlər var?
Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Azərbaycanla Türkiyə olduqca mürəkkəb bir coğrafiyada yerləşir: “Yəni dünyanın ən qaynar bölgələri hesab olunan Yaxın, Orta Şərq, Aralıq dənizi hövzəsi, körfəz və Cənubi Qafqaz həmişə mürəkkəb coğrafiya hesab olunub. Burada dünya güclərinin ciddi maraqları olduğundan zaman-zaman gərginliklər yaşanmaqdadır. Hazırda Azərbaycanın, o cümlədən elə Türkiyənin də sərhədləri olan Rusiya və İran müharibə vəziyyətindədirlər. Bu cür mürəkkəb şəraitdə Azərbaycan və Türkiyə daxili sabitliyi, təhlükəsizliyi qoruyub saxlayan ölkələr statusundadırlar. Türkiyənin ətrafına baxdığımızda ətraf ölkələrin əksəriyyətində kifayət qədər qeyri-sabitlik hökm sürdüyünü görərik. Azərbaycanın da həm şimal, həm cənub qonşusu müharibə vəziyyətindədir. Bu baxımdan götürdükdə Hakan Fidanın Azərbaycanla Türkiyəni “sabitlik adası” adlandırması təsadüfi deyil”.
Təhdidlərə gəldikdə isə politoloq qeyd edib ki, həm Türkiyəyə, həm də Azərbaycana müəyyən təhdidlər var: “İstər İsrail və Yunanıstanla münasibətlər, istər Suriya və digər bəzi qonşu bölgələrdəki vəziyyətin gətirdiyi problemlər və digər məsələlər Türkiyəyə təhdid yaradır. Türkiyə bunun fərqindədir və qabaqlayıcı addımlar atmaqla ölkə daxili sabitliyi qorumağa müvəffəq olub. Azərbaycan da öz ərazilərini işğaldan azad edib suverenliyini bərpa eləyəndən sonra kənardan gələcək təhdidləri önləmək üçün preventiv addımlar atır. Nəticələrin müsbət olduğunu əminliklə söyləmək olar. Kənar təhdidlər mümkün qədər neytrallaşdırılır”.







































