
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya rəsmi səfəri regionda baş verən proseslər fonunda xüsusi diqqət çəkib. Fidan səfər çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb, daha sonra isə Kazanda keçirilən “Rusiya – ASEAN” sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, səfərin əsas gündəliyini Qara dəniz regionunda artan gərginlik və təhlükəsizlik məsələləri təşkil edib. Ankara hesab edir ki, son dövrlərdə bölgədə baş verən hadisələr dənizdə sabitliyi ciddi şəkildə sarsıdır və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini risk altına qoyur. Qara dəniz Türkiyə üçün strateji əhəmiyyət kəsb edir. Bu region ölkənin ticarət yollarının, enerji təminatının və turizm sektorunun əsas dayaqlarından biri hesab olunur. Xüsusilə, dənizin dibi ilə keçən “Türk axını” və “Mavi axın” qaz kəmərləri Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, Rusiya vətəndaşlarının Türkiyəyə turistik səfərləri ölkə iqtisadiyyatında əhəmiyyətli paya malikdir.
Türkiyə mətbuatında qeyd olunur ki, son aylarda Qara dənizdə müxtəlif gəmilərə qarşı pilotsuz uçuş aparatları və dəniz dronları ilə hücumların artması Ankaranı ciddi narahat edir. Bu cür insidentlər təkcə regional təhlükəsizliyi deyil, həm də Türkiyənin iqtisadi maraqlarını birbaşa təhdid edir.
Rəsmi Ankara mövcud vəziyyətdən çıxış yolunu diplomatiya və dialoqda görür. Bu baxımdan, Hakan Fidan Türkiyənin yenidən Ukrayna ilə bağlı sülh danışıqları üçün platforma rolunu oynamağa hazır olduğunu bəyan edib. Xatırladaq ki, Türkiyə daha əvvəl də tərəflər arasında vasitəçi kimi çıxış edərək xüsusilə “taxıl sazişi”nin əldə olunmasında mühüm rol oynamışdı.
Qara dənizdə baş verən son hadisələr regionun getdikcə daha çox hərbi qarşıdurma zonasına çevrildiyini göstərir. Müxtəlif ölkələrin bayraqları altında üzən mülki gəmilərə edilən hücumlar isə vəziyyəti daha da mürəkkəbləşdirir və beynəlxalq hüquq baxımından ciddi suallar doğurur.
“Svobodnaya Pressa”nın məlumatına görə, Rusiya və Türkiyə arasında keçirilən danışıqlarda tərəflər Qara dənizdə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər. Bu çərçivədə kritik infrastrukturun qorunması, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması və mümkün eskalasiyanın qarşısının alınması əsas prioritetlər kimi müəyyənləşdirilib.
Türkiyənin “SOL” nəşri isə yazır ki, Sergey Lavrov Hakan Fidanla görüşdən sonra Qara dəniz regionunda təhlükəsizlik üzrə “intensiv əməkdaşlıq” barədə razılaşmanı açıqlayıb. “Cümhuriyet” qəzetinin məlumatına əsasən, tərəflər kritik infrastrukturun qorunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Bununla yanaşı, tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin şaxələndirilməsi və maliyyə sistemləri arasında qarşılıqlı fəaliyyətin artırılması istiqamətində də razılıq əldə ediblər.
Bütün bu məqamlar onu göstərir ki, Türkiyə mürəkkəb geosiyasi şəraitdə balanslaşdırılmış siyasət yürütməyə çalışır. Ankara bir tərəfdən Rusiya ilə strateji əməkdaşlığı qoruyur, digər tərəfdən isə Qərb və Ukrayna ilə münasibətləri kəskin şəkildə pozmamaq xəttini davam etdirir.







































