Day, Month 00, Year
00: 00: 00 AM
Bakı metrosunda yeni infrastruktur sahəsi yaradılıb

"Bakı Metropoliteni" QSC-nin “Nərimanov” elektrik deposunun ərazisinə daxil olan materialların, avadanlıqların qəbulu, eləcə də gecə növbəsində tunellərdən istehsalat və məişət tullantılarının çıxarılması və yerləşdirilməsi üçün yeni infrastruktur sahəsi yaradılıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Sahibkartv.az"a bildirib ki, yenicə istifadəsinə başlanan infrastruktur artıq özünü tam doğruldub.
"Yük həyəti adlandırılan sahə deponun simasını daha da müasirləşdirməklə yeni funksional imkanlar yaradıb, yeni keyfiyyət, işin icra ardıcıllığı, sanitar-gigiyenik, təhlükəsizlik texnikası normalarının tətbiqi, ən əsası, avtomatlaşdırılmış və əl əməyinin azaldılması kimi yeniliklər gətirib.
Deponun fəaliyyət göstərdiyi onilliklər ərzində belə bir sahə olmadığından qeyd edilən işlər pərakəndə şəkildə yerinə yetirilirdi. Hər gün tuneldən təsərrüfat qatarları ilə çıxarılan tullantılar avtomotonəqliyyat kolonunun avtomobil parkına yaxın yolun kənarına boşaldılırdı. Burada qalaqlanan zibil və tullantılar isə deponun estetik görkəminə də mənfi təsir göstərirdi. Eyni zamanda depoya daxil olan məhsullar, xüsusən də inşaat materialları açıq sahədə pərakəndə və qarışıq vəziyyətdə toplanmaqla eyni mənzərəni yaradırdı. Yük həyəti bu problemləri tam aradan qaldırıb", - deyə o, qeyd edib.
Metro rəsmisinin sözlərinə görə, qrtıq tunelə daşınacaq müxtəlif materiallar, o cümlədən qum, çınqıl, qırmadaş bir-biri ilə çəpərlənmiş ayrı-ayrı sahələrdə toplanmaqla badyalardan birbaşa təsərrüfat qatarlarına yüklənir: "Bu da tikinti materiallarının itkisinin qarşısını alıb, həmçinin yükləmə-boşaltma işlərinin rahat və sürətlə aparılmasına imkan verib. Yük həyətinin Keşlə dəmir yolu stansiyasına çıxış xəttinin yaxınlığında salınması isə dəmir yolu ilə metroya gətirilən avadanlığın əlverişlı şəkildə qəbul olunub yerləşdirilməsinə, ünvanına daha münasib şəkildə çatdırılmasına şərait yaradıb. Yük həyətinin 7 nəfərdən ibarət işçi briqadası gün ərzində tuneldən çıxan zibilləri maşınlara yükləyib, depodan xaric edir. Sahədə əl əməyinin minimuma endirilməsi üçün hər bir şərait yaradılıb. Ağır yüklər telferlərlə, xüsusi qaldırıcı maşın və mexanizmlərlə qaldırılır, yüklənir və yerləşdirilir. Yük həyəti salınarkən, işçi heyətinin məişət qayğıları da əsas götürülüb. Burada tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsi məhz bu məqsədlər üçün ayrılıb. Binanın ikinci mərtəbəsi isə ərazinin mühafizəsi üzrə sahənin əməkdaşları üçün nəzərdə tutulub".
"Bundan başqa, eponun avtomobil parkı və qarajında da təmir-bərpa işləri aparılıb. Burada avtomobillərin yağıntının təsirlərindən mühafizəsi üçün çətir örtüklü dayanacaq və gecələmə sahəsi də qurulub. Təmir qarajının boksları, ikimərtəbəli binası da əsaslı təmir olunaraq, müvafiq iş, məişət şəraiti də yaradılıb. Sahədə işçilərin asudə vaxtını səmərəli keçirməsi üçün tennis masası da qoyulub. Ərazidə avtoyuma sahəsi də qurulub. Ərazinin asfalt örtüyü yenilənib", - deyə o, əlavə edib.




Tarix: 7-04-2022, 10:36 Oxunub: 78


Bölməyə aid digər xəbərlər