
Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hikmət Babaoğlu (Məmmədov) ölkədə yol nişanlarına dəyişiklik edilməsini, əsasən də müvəqqəti dayanmağı nəzərdə tutan “stop” nişanının “toxta” ilə əvəz olunması təklifini irəli sürüb. O, AMEA-nın Dilçilik İnstitutunun Azərbaycan sözlərinin gündəlik istifadəyə daxil edilməsi ilə bağlı daha fəal təkliflər hazırlamasının vacibliyini söyləyib. Deputat nümunə kimi yol nişanlarını göstərərək “Stop” əvəzinə “Dur” və ya “Toxta” sözlərindən istifadənin məqsədəuyğun olduğunu deyib.
H.Babaoğlunun fikrincə, “Dur” sözü sərt əmr formasını ifadə edir və hərəkətin sonrakı davamını əks etdirmir. Parlamentari “Toxta” sözünün isə daha geniş məna daşıdığını, qısa müddət dayanmağı, nəfəs dərməyi və sonra yola davam etməyi nəzərdə tutduğunu bildirib. Lakin onun təklifi birməmanlı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Ölkə.az-a danışan H.Babaoğlu deyib ki, yol hərəkətinin tənzimlənməsi üçün yol nişanlarının müəyyənləşdirilməsi beynəlxalq hüquqda ilk dəfə 1968-ci ildə Vyanada qəbul edilmiş “Yol nişanları və signalları” adlı beynəlxalq qanunda öz əksini tapıb və bununla tənzimlənir.
Deputat xatırladıb ki, Azərbaycan həmin konvensiyaya 2010-cu ildə qoşulub və sənəd bütün dünyada yol hərəkəti signalları və nişanlarının ümumi hüquqi əsaslarını yaradır:
“Konvensiyaya qəbul edilən bir saylı əlavədə bizim bu gün müzakirə predmeti olan “stop” işarəsindən danışılır. Onun təsviri verilir, qırmızı fonda ağ hərflərlə yazılmış səkkizbucaqlı həndəsi figur göstərilir. Elə həmin əlavədə dərhal qeyd olunur ki, bu işarənin içərisinə ya ingilis dilində “stop” yazıla bilər, ya da müvafiq ölkə öz dövlət dilində həmin izahedici sözü yaza bilər. Yəni bizim beynəlxalq hüquq təəssübkeşlərinə mənim cavabım odur ki, ilk növbədə beynəlxalq hüququ öyrənsinlər, ondan sonra onu şərh eləməyə çalışsınlar”.
H.Babaoğlu vurğulayıb ki, təklifinin mahiyyəti və məqsədi dövlət dilinə, onun normalarına hörmətlə bağlıdır:
“Bizim dilimizdə “dayan”, “dur”, “toxta” sözləri mövcuddur. Bunların hər biri semantik məna daşıyır. “Stop”u əvəz edəcək ən uyğun söz “toxta”dır. Çünki Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində tərz-hərəkət bildirən feil yoxdur. Bizdə feilin tərz-hərəkət forması işlədilir. Bu çox maraqlı bir hadisədir və bizim dilimizin özünəməxsusluğunu göstərir”.
Deputat bildirib ki, “dur” sözü “stop”u tam əvəzləməyə bilər:
“Biz “dur” sözünü statik görürük, təni “dur”dan sonra hərəkət eləmək üçün başqa bir əmr gözləməliyik. Yəni sözün semantikası, daxili məzmunu bunu bizə diqtə edir. Ancaq “toxta” özü-özlüyündə tərz-hərəkət bildirir. Toxta sözü deyəndə biz bilirik ki, bir qədər dayanıb sonra hərəkətə davam etməliyik. Yəni burada hərəkətin davamlılığı ilə bağlı göstəriş sözün özünün içərisində var. Ona görə də mən “toxta” sözünü daha doğru seçim sayıram”.








































