Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar

Baxış: 315
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar


Zəfərin 6-cı ildönümü münasibətilə Bakıda ənənəvi “Qələbə qaçışı” keçirilib.

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış “Qürurla irəli” şüarı altında baş tutub.

Yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət ediblər.

Vətən müharibəsi şəhidlərinin övladları builki “Qələbə qaçışı”nın fəxri iştirakçıları olublar. Onlar finiş xəttində idmançıları qarşılayaraq məsafəni başa vuran hər bir iştirakçıya medal təqdim ediblər.

Bu il “Qələbə qaçışı”na 2000-dən çox şəxs qatılıb. Bu, yarışın 2021-ci ildən bəri keçirilən bütün buraxılışları arasında ən yüksək iştirakçı göstəricisidir.

Kişilər arasında Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutub. Qadınların mübarizəsində Anna Yusupova qalib gəlib. Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova üçüncü yerdə qərarlaşıb.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.

İki gün ərzində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən əyləncə zonasında müxtəlif tədbirlər keçirilib. Qaçışdan sonra təşkil olunan konsert proqramında xalq artisti Röya, tanınmış müğənnilər Murad Arif və Mərdan çıxış ediblər.

Xeyriyyə məqsədi ilə təşkil olunan yarış çərçivəsində qeydiyyatdan əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.