
“2025-ci ilin İş Planına uyğun olaraq keçirilmiş 15 audit və analitik fəaliyyətdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İnvestisiya xərclərinin əsaslı xərclərdə payı yüksəkdir. 12 sifarişçi üzrə 42 layihə və 132 müqavilənin auditini həyata keçirmişik”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin tikintisi, inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası, söküntüsü və s.), habelə obyektin istismara qəbulu və uçota alınması mərhələlərində yol verilmiş maliyyə pozuntuları da iki qrupa bölmək olar:
“1. Qanunvericiliyin tələblərinin pozulması
-texniki tapşırığın və layihə-smeta sənədlərinin hazırlanması zamanı təhriflərə yol verilməsi – 15,2%
-iş həcmlərinin icra prosesində dəyişdirilməsi – 11,7%
-iş həcmlərinin vahidinin qiymətlərinin düzgün tətbiq edilməməsi – 12,1%
-tikintinin müqavilə dəyərinin düzgün hesablanmaması – 36,2%
-nəzarət ölçü ilə bağlı - 24,8%
2.Hesabatlığın tələblərinin pozulması
-Başa çatmış layihənin vaxtında balansa qəbul edilməməsi – 64,0%
-İstismara qəbul aktının hazırlanmaması – 24,0%
-Balans dəyərinin düzgün hesablanmaması -12,0%
Sadalanan pozuntular, həm qanunvericiliyin və hesabatlılığın tələblərinin pozulması son nəticədə investisiya layihələrinin dəyərinin düzgün hesablanmamasına, aktivlərin doğru tanınmamasına və artıq vəsaitlərin istifadəsinə səbəb olub”.


































